Bu gün Azərbaycan Kooperasiya Universitetində “Əmək Yarmarkası” keçirilib.
Unikal.org xəbər verir ki, yarmarka Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, professor Eldar Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev, Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov, Rayonun Yeni Azərbaycan Partiyası Təşkilatının sədri Təmraz Tağıyev, eyni zamanda Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Bakı şəhər Məşğulluq İdarəsinin əməkdaşları, məzunlar və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, professor Eldar Quliyev açıb. Rektor çıxışında bu günün Azərbaycan Kooperasiya Universitenin müəllim-tələbə kollektivinin elmi, ictimai, sosial və mədəni həyatında əlamətdar gün olduğunu bildirib. “Gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı qüvvədir. Aqil insanlar «Təhsil xəzinədir» deyiblər. Demək, təhsil xəzinədirsə, əmək onun açarıdır. Təhsil əməyə çevrilən zaman reallaşır və cəmiyyətə, dövlətə yararlı olur. Bu günkü tədbirimizin əsas qayəsi məhz belə yararlılığın təmin olunmasına nail olmaqdan ibarətdir. Məlum olduğu kimi, hər bir dövlətin qarşısında duran ən başlıca vəzifələrdən biri əmək bazarı və səmərəli məşğulluğun təmin edilməsi, yeni iş yerlərinin açılmasından ibarətdir. İşsizliyin azaldılması məqsədilə respublikamızda həyata keçirilən məşğulluq siyasəti öz bəhrəsini verir. Azərbaycanda sözügedən istiqamətdə dövlət başçısı cənab İlham Əliyev tərədindən müvafiq fərmanlar, qanunlar, sərəncamlar və dövlət proqramları qəbul edilmişdir. Sadalanan dövlət proqramlarının uğurlu şəkildə tətbiq edilməsi nəticəsində ölkədə makroiqtisadi göstəricilərdə yüksəliş olmuş, sosial-iqtisadi inkişaf üçün nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi nəticəsində iqtisadi firavanlıq xeyli yüksəlmişdir”. – rektor deyib.
Yarmarkada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev çıxış edərək bildirib ki, “Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin sosial rifahının əlaqələndirilməsi konsepsiyası uğurla icra olunur. Ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Xüsusən, sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı Dövlət proqramları, böyük layihələr həyata keçirilmişdir. Əhalinin məşğulluğunun artırılması isə bütün bu siyasətin qayəsini təşkil edir. Bu gün dövlətimiz işsizliyin minimuma endirilməsini özünün sosial siyasətində prioritet istiqamət elan edib və xüsusuilə də gənclərin, ali məktəb məzunlarının tezliklə işlə təmin olunması dövlətimiz üçün olduqca zəruri məsələdir. Bu gün bu yarmarkada 60-dan çox müəssisə 360-dan çox vakansiya təqdim etməklə sizlərin görüşünüzə gəlib. Ümid edirəm ki, bu gənclərimiz üçün çox faydalı olacaqdır”.
Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov, Rayonun Yeni Azərbaycan Partiyası Təşkilatının sədri Təmraz Tağıyev də çıxış edərək Yarmarkanın gənclər üçün əhəmiyyətindən söz açaraq yarmarkanın fəaliyyətinə uğurlar arzulayıblar.
Sonda tədbir iştirakçıları stendlərlə tanış oldular.