"Biz kürdlərə qarşı mübarizə aparmırıq. Yüz illərdir ki, kürdlərlə birlikdə yaşayırıq. Bizim mübarizə apardığımız PKK/YPG terror təşkilatıdır"
Unikal.org xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib. Onun sözlərinə görə, dünya terror təşkilatları ilə kürdləri bir-birindən ayırmalıdır.
"Türkiyədə kürdlər, türklər, ərəblər birlikdə yaşayırlar. Bununla bağlı problemimiz yoxdur. Amma biz heç bir terror təşkilatının və ölkənin Türkiyəni təhdid etməsinə də icazə vermərik. Buna İŞİD də daxildir".
Vitse-prezident qeyd edib ki, Türkiyənin Suriyanın şimalında başlatdığı "Barış pınarı" əməliyyatı işğal məqsədi daşımır. Bu baxımdan bölgə terrorçulardan tamamilə azad olunanadək əməliyyatlar davam edəcək.
Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış Pınarı" adlı hərbi əməliyyatlara başlayıb.