Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası ilə əkilən pambıq sahəsində yığıma start verilib.
Unikal.org xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Ucar rayon İcra Hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Azərbaycan Dövlət Aqrar Universitetinin, pambıqçılıq üzrə ixtisaslaşmış rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri, çinli mütəxəssis Dey Xun Vi və pambıqçı fermerlərin iştirakı ilə pambıq sahəsinə baxış keçirilib.
Kənd Təsərrüfatı naziri İnam Kərimov pambıq sahəsində məhsuldarlıqla bağlı çinli mütəxəssislər və yerli fermerlərlə fikir mübadiləsi aparıb.
Daha sonra Şirvan Təcrübə Stansiyasının torpaq sahəsində Çinə məxsus innovativ texnologiya əsasında əkilən pambığın kombaynla yığım prosesinə start verilib. Kənd Təsərrüfatı naziri İnam Kərimov 57 yaşlı qadın mexanizator Gülsurə İbadovanın idarə etdiyi kombaynda yığım prosesini izləyib.