“Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Unikal.org-a verilən məlumata görə, DTX Heydər Əliyev adına Akademiyası Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin 10 və 11-ci sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlarını davam etdirir. Növbəti interaktiv seminar Xətai rayonunun orta ümumtəhsil müəssisələrinin şagirdləri üçün təşkil olunub.
Seminarın məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin vətənpərvərlik, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərin və əxlaqi irsin qorunması ruhunda tərbiyəsi, onların tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi və ictimai maarifləndirilməsi üzrə tapşırıqlarının həyata keçirilməsidir.
Seminarlar DTX-nin təcrübəli əməkdaşları, Akademiyanın müəllimləri və bu sahə üzrə dəvət olunan peşəkar mütəxəssislər tərəfindən aparılır.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu əks etdirən “Şöhrət” muzeyi ilə tanış olublar.
Seminarda şagirdlərə sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, habelə gənclərin asudə və qiymətli vaxtlarının daha çox “virtual dünya”ya sərf etməsinin real həyatdan uzaqlaşmağa gətirib çıxarmasının psixoloji fəsadları və milli genofonda doğurduğu təhlükələr barədə interaktiv diskussiyalar aparılıb.
Akademiya rəisinin birinci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi ən prioritet məsələlərdəndir.
Seminarda Akademiyanın dosenti, psixologiya üzrə fəlsəfə doktoru M. Sadıqovanın, kafedra rəisi D. Rüstəmovun, DTX-nin əməkdaşı O. Mustafazadənin və Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Eivin Balacanovun və digərlərinin aktual mövzularda məruzələri dinlənilib. Seminar şagirdlərin yaxından iştirakı ilə interaktiv müzakirələrlə davam edib.
Sonda tədbir iştirakçılarına “Sosial şəbəkələrin gənclərin həyatında rolu” mövzusunda video-çarx nümayiş olunub.