Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aparıcı rol oynayır.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu fikri "Rossiya-24" telekanalının efirində Rusiyanın ATƏT yanındakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
"Vyanada Minsk qrupu həmsədrləri (Rusiya, Fransa və ABŞ) vasitəsi ilə həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə razılıq əldə etmək cəhdi nə isə bir təkan verdi, lakin ən böyük potensiala Rusiya tərəfi malikdir", - deyə diplomat əlavə edib.
O, həmçinin qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Bakı və İrəvana səfərləri ilə bağlı hər hansı bir inqilabi qərarın qəbul ediləcəyini gözləmir.
"Fəaliyyətdə olan sədr baxmayaraq ki, idarə edir, amma yenə də hər şeyi iştirakçı dövlətlər həll edir. Fəaliyyətdə olan sədr sözsüz ki, mühüm rol oynayır, lakin bu hərəkətverici qüvvə deyil. Hərəkətverici qüvvə üç həmsədri olan Minsk qrupudur", - deyə o bildirib.
Lukaşeviç Ştaynmayerin Bakı və İrəvana səfəri ilə bağlı hər hansı bir əhəmiyyətli razılaşma gözləmədiyini qeyd edib.