İyunun 29-da Gürcüstan hökumətinin təşəbbüsü və təşkilatçılığı ilə baş nazirin iştirak etdiyi məclisdə ölkə müsəlmanlarına Ramazan münasibətilə iftar verilib. İftar başlamamışdan öncə baş nazir Gürcüstanda yaşayan müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib və onlara rifah və dinc həyat arzulayıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən baş nazir Türkiyə hava limanında terror aktı nəticəsində baş verən terror hadisəsi ilə bağlı Türkiyəyə başsağlığı verib. O, terrorizmin bəşəriyyətin düşməni olduğunu, milləti və dini olmadığını bildirib: "Çox təəssüf edirəm ki, mən bu gözəl tədbiri belə sözlərlə başlayıram. Bu, insanlığa qarşı qəddarcasına hücumdur. Terror nəticəsində tamamilə günahsız insanlar həlak oldu. Mən bizimlə həmişə birlik nümayiş etdirən və dostluğu təsdiq edən Türkiyənin Gürcüstandakı səfiri Levənt Gümrükçüyə təşəkkür edirəm. Terror, təəssüf ki, sərhədlər, millət və din tanımır. Bu gün dünya əvvəllər olduğu kimi, təhlükəsiz deyil. Terrorizm bizim ümumi düşmənimizdir və biz sivil insanlar bu kəskin problemi aradan qaldırmaq üçün çalışmalıyıq,"- Giorgi Kvirikaşvili bildirib.
Baş nazir Gürcüstanda xristian və müsəlmanların birgə sülh içində yaşamasının əhəmiyyətindən danışıb və bu sülh və dostluğu dünyanın möcüzəsi adlandırıb: "Gürcüstan həmişə çoxəsrlik ənənələr əsasında bizim dostluq və qardaşlığımızla fəxr edib. Tolerantlıq və bir-birinə sevgi olan ölkəmizdə gələcək nəsillər üçün alternativ yoxdur. Əsrlər boyu xristian və müsəlman dünyası ölkəmizdə sülh içində yaşayıblar və bu bütün dünyaya nümunədir. Biz bir ölkənin oğullarıyıq, Gürcüstanı birlikdə quracaq və bu torpaqda bizim uşaqlarımız və nəvələrimiz yaşayacaq," G. Kvirikaşvili çıxışında qeyd edib.
İftar məclisində Türkiyənin Gürcüstandakı səfiri Levent Gümrükçü, Türkmənistan səfiri Dövlətmurat Muratov, Gürcüstanın Barışıq və Vətəndaşlıq məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, Dini Məsələlər üzrə Agentliyin rəhbəri Zaza Vaşakmadze, hökumət və dövlət nümayəndələri, müsəlman icmasının rəhbərləri, dindarlar iştirak ediblər.