Oktyabrın 22-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbədənkənar iclası keçirilib. İclasda universitet həyatı üçün vacib məsələlər müzakirə edilib və mühüm qərarlar qəbul edilib.
Unikal.org xəbər verir ki, iclası açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu sosial siyasətdən danışıb, davamlı olaraq həyata keçirilən bu siyasətin ölkəmizin inkişafında prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Rektorun sözlərinə əsasən, Texniki Universitetin əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə sentyabr ayının 1-dən əməkhaqları ortalama 12 faiz artırılır.
Professor V.Vəliyev qeyd edib ki, əməkhaqlarının artırılması "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının 6-cı bəndinin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli Qərarına uyğun olaraq gerçəkləşir. Həmin qərara əsasən, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 30 faiz artırılıb.
Gündəlikdə duran digər məsələ - “Əməkhaqqının differensasiyası ilə bağlı tədbirlərin görülməsi haqqında” məlumat verən rektor qeyd edib ki, Differensial Əməkhaqqı Sisteminin tətbiqi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçiriləcək. Əməkhaqlarının differensasiyasında məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə sağlam rəqabət mühitini gücləndirməkdir. Beynəlxalq praktikanın və Azərbaycan universitetlərinin bu sahədəki təcrübələrinin öyrənilməsinin vacibliyini bildirən professor V.Vəliyev eyni zamanda vurğulayıb ki, AzTU Differensial Əməkhaqqı Sisteminin tətbiqində öz modelini yaratmaq niyyətindədir.
Elmi Şura əməkhaqlarının differensasiyası sisteminin işləmə mexanizmi üzrə komissiyanın formalaşdırılması üçün İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.
Gündəlikdə duran bir çox məsələlər ətrafında iclasda müzakirələr aparılıb və rektor V.Vəliyev sənaye inqilabları fonunda elmi araşdırmaların vacibliyinə diqqəti yönəldərək bəyan edib ki, “tədqiqat universitetinə çevrilə bilməyən ali məktəblər inkişaf edə bilməyəcək”.