Şirvan Milli Parkının ərazisinə daxil olaraq ceyran ovlayan 3 nəfər şəxs parkın mühafizə işçiləri tərəfindən saxlanılıb.

Şirvan Milli Parkının direktoru Arzu Mustafayev Unikal.org-a bildirib ki, parkın cənub hissəsində bir baş ceyranın brakonyerlər tərəfindən ovlanması ilə bağlı daxil olan operativ məlumat əsasında milli park əməkdaşlarından ibarət qruplar qanun pozucularının izinə düşüb. Təqibdən yayınmaq məqsədilə özlərini ərazidəki cənub kollektoruna atan brakonyerlər üzərək parkın digər hissəsinə keçib. Lakin onlar, xidməti vəzifələrini yerinə yetirən milli parkın çevik qrupuna müqavimət göstərməyə çalışsalar da yaxalanıb və brakonyerlərin hər üçünün şəxsiyyəti müəyyən edilib. Araşdırma zamanı brakonyerlərin Həsənov Natiq Namik oğlu, Məhəmmədzadə İsmət Fikrət oğlu, Əsədov Rəşad Sücəddin oğlu olduğu məlum olub.

Zəruri ilkin sənədləşmə işləri aparılaraq, barələrində lazımi hüquqi hərəkətlərin görülməsi məqsədilə brakonyerlər Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

xxx

19:50

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə Unikal.org-a bildirib ki, saxlanılan 3 nəfərin -  Həsənov Natiq Namik oğlu, Məhəmmədzadə İsmət Fikrət oğlu, Əsədov Rəşad Sücəddin oğlu Salyan rayon sakinləri olduqları müəyyənləşib.. Həmin şəxslər Salyan rayon Polis şöbəsinə gətirilib.

Araşdırma zamanı bir baş ceyran əti, bir sənədsiz ov tüfəngi və bir neçə patron götürülüb.  Ov tüfənginin isə Rəşad Əsədova məxsus olduğu  və ceyranın onun tərəfindən vurulduğu da məlum olub.Ət müayinə olunmaq üçün müvafiq laboratoriyaya göndərilib.  Laborator müayinələrin nəticələri açıqlandıqdan sonra saxlanılan hər 3 şəxsin əməlinə hüquqi qiymət veriləcək.