Bu gün Azərbaycanda və keçmiş sovet məkanında bir ilkə imza atılıb. Belə ki, ölkədə ilk dəfə olaraq 64 yaşlı xanım və 70 yaşlı kişi valideyn olublar və onların bu gün əkiz övladları dünyaya gəlib.
“Dünyada 64 yaşından sonra övladı olan anaların sayı altı olub, bu gün isə dünyada yeddinci dəfə belə hadisə oldu”.
Unikal.org xəbər verir ki, bu sözləri paytaxtın özəl klinikalarının birində Süni mayalandırma mərkəzinin direktoru, eləcə də qadın xəstəlikləri və doğum üzrə mütəxəssis olan Mövlana Cəlaləddin Örnək deyib.
Həkim bildirib ki, 64 yaşlı xanım 40 il sonra bu gün ana olub:
“Dünyada baş verən bu cür hadisələrin də hamısı süni mayalanmadan sonra olub. Xanımın hamiləlik müddəti də çox rahatlıqla keçdi. Maraqlıdır ki, hamiləlik müddətində bir dəmir dərmanından başqa, heç bir dərmandan da istifadə edilmədi. Bu gün isə sağlıqlı biri qız, biri oğlan olmaqla əkizlər dünyaya gəldi. Qız 2150 qram, oğlan isə 1900 qram dünyaya gəldi. Onların çəkisi çox olmasa da, əkiz uşaqlar üçün rəqəmlər normal hesab edilir".