Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov oktyabrın 23-ü Goranboy rayonunda vətəndaş qəbulu keçirib.
Unikal.org xəbər verir ki, Heydər Əliyev Mərkəzində reallaşan və struktur bölmələrin nümayəndələrinin də iştirak etdiyi qəbulda rayon sakinləri tərəfindən komitənin fəaliyyət istiqamətləri ilə bağlı müxtəlif müraciətlər səsləndirilib. Sədr müavininə ünvanlanan müraciətlər əsasən, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, kadastr və ünvan məsələləri ilə bağlı olub. Eyni zamanda qəbulda iştirak edən vətəndaşlar hərraclar, dövlət əmlakının icarəyə verilməsi, torpaqların texniki parametrlərinin müəyyən edilməsi və komitənin fəaliyyət istiqamətləri üzrə digər məsələlər ilə bağlı müraciət edib.
Sədr müavini qəbul iştirakçıları tərəfindən səsləndirilən hər bir müraciət və təklifləri diqqətlə dinləyib. Bəzi məsələlər elə qəbuldaca öz müsbət həllini tapıb. Digər müraciətlərin isə həlli ilə bağlı müvafiq struktur bölmələrin nümayəndələrinə tapşırıqlar verilib.
Qəbulda Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətindəki yeniliklər barədə vətəndaşlara məlumat verilib, göstərilən xidmətlərlə bağlı iştirakçıların təklifləri dinlənilib. Vətəndaş müraciətlərinin həllinə yönəlmiş qəbullar bölgələrdə növbəti aylarda da davam edəcək.