Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən ilk "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, mərasimdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədr müavini Ceyhun Salmanov iştirak ediblər.
Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov çıxış edərək ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətindən, bu sahəyə göstərilən dövlət qayğısından və könüllü hərəkatının formalaşmasından danışıb. Gənclərin hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılmasında könüllü hərəkatının böyük önəm daşıdığını və bu hərəkatın formalaşmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolunu xüsusi vurğulayan İsmayıl Hüseynov qeyd edib ki, məhz onun təşəbbüsü ilə həyata keçirilən sosial-humanitar layihələr, beynəlxalq tədbirlər minlərlə gəncimizə potensiallarını reallaşdırmaq, öz imkanlarını göstərə bilmək üçün şərait yaradıb.
İdarə rəisi ümumilikdə gömrük orqanlarında ilk dəfə olaraq 131 nəfər könüllü gömrükçünün fəaliyyətə başladığını, 4 ay müddətində Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarında müvəffəqiyyətlə könüllü fəaliyyət göstərdiklərini bildirib.
Sonra tədbirdə "Könüllü gömrükçü" dəstəsinin fəaliyyətinə dair hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub.