“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində içməli su və kanalizasiya layihələri icra olunur.
"Azərsu" ASC-dən Unikal.org-a verilən məlumata görə, 3-cü yaşayış massivində icra olunan layihə bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir. İndiyədək bu ərazidə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılıb. Burada yaşayan əhali fasiləli rejimdə içməli su ilə təmin edilirdi. Mövcud su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez baş verən qəzalar su axıntısına səbəb olurdu. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib. Layihə çərçivəsində müxtəlif diametrli borularla 10,5 km uzunluğunda su xətləri inşa ediləcək. Yeni şəbəkədən hər bir evə birləşmə veriləcək.
3-cü yaşayış massivi ərazisində tullantı sularının axıdılmasında da problemlər yaranırdı. Yaşayış massivinin əksər hissəsində kanalizasiya şəbəkəsi mövcud olmayıb. Tullantı suları əsasən açıq kanallara və şambolara axıdılıb. Bu da ərazidə torpaq sürüşmələrinin sürətlənməsinə səbəb olurdu. Buna görə də ərazidə kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb. Hazırda icrasına yeni başlanılmış layihə çərçivəsində ərazidə ümumi uzunluğu 23 km olan kanalizasiya xətləri inşa ediləcək və hər bir ünvanın kanalizasiya sisteminə qoşulması təmin ediləcək. Bununla da həmin ərazidə tullantı sularının axıdılması mərkəzləşdirilmiş qaydada təmin ediləcək.
Ərazidə yaranan tullantı suları Salyan şossesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək. Bununla da 10 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.
Qeyd edək ki, Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri 2016-2018-ci illərdə Azərbaycan Höküməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub. Layihəyə uyğun olaraq qəsəbəni dayanıqlı içməli su ilə təmin etmək üçün “+ 152 Alatava” su anbarından Badamdar qəsəbəsinə 11 km magistral kəmər çəkilib. Bununla da “+190 Badamdar” və +220 “Badamdar” anbarlarına suyun verilməsi təmin edilib. Badamdar qəsəbəsində 45 km içməli su şəbəkəsi yaradılıb, abonentə birləşmə verilərək sayğac quraşdırılıb. Eyni zamanda layihənin əhatə etdiyi ərazidə 28 km yeni kanalizasiya şəbəkəsi inşa edilib. Bu layihədən 30 minədək sakin faydalanıb.
Qeyd edək ki, hazırda Səbail rayonunun Bibiheybət qəsəbəsi və 20-ci sahə yaşayış massivlərində də içməli su və kanalizasiya layihələri icra olunur.