Unikal.org Azərbaycan Dillər Universitetində (ADU) "Beynəlxalq münasibətlərin aktual problemləri" mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Unikal.org xəbər verir ki, konfransın məqsədi regional və qlobal səviyyədə sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində beynəlxalq münasibətlərin iştirakçılarının ikitərəfli və çoxtərəfli fəaliyyətlərinin nəzəri və praktiki cəhətdən öyrənilməsidir.
Konfransda ölkənin 10 universitetindən, 3 akademiyasından, AMEA-nın 8 institutundan, bölgələr üzrə 4 universitetdən, 4 xarici ali təhsil müəssisələrindən nümayəndələr iştirak ediblər.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycanın bu gün beynəlxalq münasibətlərdə önəmli yer tutduğunu bildirib. Prezident İlham Əliyevin Azərbaycanın cəsarətlə, siyasi iradə ilə irəliləməsi, dünya ölkələri arasında özünəlayiqli yer tutması üçün əlindən gələni müvəffəqiyyətlə etdiyini deyən rektor bu yolun Heydər Əliyev yolu olduğunu qeyd edib. Akademik konfransda başqa universitetlərin də mütəxəssislərinin iştirak etdiyini deyərək, həm Qarabağ münasibətlərinə, həm Ulu öndərin Azərbaycanın beynəlxalq aləmdə tutduğu yerin dərinləşməsi istiqamətinə, həm də İlham Əliyevin ciddi siyasətin dünya ölkələri tərəfindən qəbul edilməsinə konfransın öz xeyrinin olacağını diqqətə çatdırıb. Rektor konfransın işinə uğurlar arzulayıb.
Politoloq, millət vəkili Rasim Musabəyov, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili professor Musa Qasımlı, ictimai-siyasi xadim, hüquqşünas, millət vəkili Çingiz Qənizadə, politoloq, siyasi şərhçi, millət vəkili Elman Nəsirov elmə atılan ilk addımların bu növ konfranslardan başladığını qeyd edərək elmimizə yeni gənclər gətirəcək faydalı konfrans olduğunu bildiriblər. Çıxışçılar beynəlxalq münasibətlərin müstəqil dövlət üçün vacib olduğunu, Azərbaycanın gənc dövlət kimi beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürütməyi bacaran nadir dövlətlərdən olduğunu deyiblər. Qonaqlar, həmçinin Azərbaycan beynəlxalq münasibətlər sistemində, Heydər Əliyev irsi, beynəlxalq münasibətləri-tarix və müasirlik, beynəlxalq və regional təhlükəsizlik problemləri, beynəlxalq sosial-iqtisadi və mədəni-humanitar əlaqələr və beynəlxalq münasibətlər istiqamətində problemlərlə bağlı mövzulara toxunublar.