Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Sərhəddə Ticarət” indikatoru üzrə işçi qrupunun iclası keçirilib.
Unikal.org xəbər verir ki, iclasda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, İqtisadiyyat, Ədliyyə nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və konsaltinq şirkətlərin nümayəndələri iştirak edib.
Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov çıxış edərək Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mütərəqqi islahatlar hesabına respublikamızın dinamik iqtisadi tərəqqiyə nail olduğunu, xüsusilə son illərdə qeyri-neft sektorunun inkişafı, ixrac potensialımızın və tranzit imkanlarımızın artırılması istiqamətində uğurlu nəticələr əldə edildiyini diqqətə çatdırıb. O da vurğulanıb ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qazanılan nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.
Komitə sədrinin müavini Cavad Qasımov “Doing Business” hesabatında “Sərhəddə Ticarət” indikatoru üzrə bu il ölkəmizin bir pillə irəlilədiyini bildirib və mövqeyimizin daha da möhkəmləndirilməsi üçün görüləcək işlərdən, gələcək hədəflərdən danışıb. Qeyd olunub ki, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, vaxt və məsrəflərin azaldılması istiqamətində yeni layihələrin hazırlanaraq həyata keçirilməsi ticarəti asanlaşdırmaqla yanaşı, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yüksəlməsinə təkan verəcək və bu istiqamətdə yeni yanaşmalar ortaya qoyulmalıdır.
Daha sonra “Doing Business” hesabatının nəticələri müzakirə olunub və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.