Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov ABŞ Nümayəndələr palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyib.

Unikal.org-un xəbərinə görə, akademik qeyd edib ki, Osmanlı İmperiyasının şərqində 1915-ci il və sonralar yaşanan hadisələri “erməni soyqırımı” kimi qəbul edən qanun layihəsinə ABŞ Nümayəndələr palatasında yalnız 11 nəfər “yox deyib”, 405  nəfər lehinə səs verib, 3 nəfər isə qərarsız qalıb.

Layihə Konqresin yuxarı palatası olan ABŞ Senatının və prezident Donald Trampın da razılığını almalıdır. Ancaq ABŞ Senatı hələ ki, bu qanun layihəsinin müzakirəsi üçün tarix müəyyən etməyib. Əgər Senatda da Nümayəndələr Palatasının qərarı təsdiqlənərsə və ABŞ prezidenti də onu imzalayarsa, bunun yalnız ABŞ-Türkiyə münasibətlərinə deyil, həmçinin NATO-Türkiyə münasibətlərinə böyük xələl gətirəcəyini bildirən Əhliman Əmiraslanov qeyd edib:

“Ümid edirəm ki, hazırki vəziyyətdə ABŞ buna getməyəcək. ABŞ Türkiyə ilə yanaşı, Azərbaycanın da maraqlarını nəzərə alır. Bu gün ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Türkiyəyə qarşı belə bir qətnamə qəbul edilsə,  bu, Azərbaycanda da çox pis qarşılanacaq. Sözügedən qətnamə Türkiyəyə qarşı düşmənliyi özündə əks etdirən siyasi, hərbi güclərin irəli sürdüyü və qəbul etdiyi siyasi qərar olaraq dəyərləndirilməlidir. Çünki bildiyimiz kimi bu qərarın hüquqla heç bir əlaqəsi yoxdur. Bu bir siyasi qərardır və konkret olaraq Türkiyə əleyhinə qüvvələrin maraqlarına xidmət edir. Dünyadakı  erməni lobbisi və onları dəstəkləyənlər ermənilərin Cənubi Qafqazda və digər regionlarda törətdikləri cinayətləri ört-basdır etmək üçün qondarma “erməni soyqırımı”nı siyasi möhtəkirlik obyektinə çeviriblər. Bu səbəbdən  də Ermənistan həmin hadisələrin Türkiyənin təklif etdiyi kimi Birgə tarixi komissiya tərəfindən araşdırılmasını qəbul etmir”.