Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə infotur keçirilib.
Unikal.org xəbər verir ki, infoturda Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, UNICEF, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, BMT-nin İnkişaf Proqramı , İsveçrə səfirliyinin müvəqqəti işlər vəkili və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Cənubi Qafqaz əməkdaşlıq ofisinin rəhbər və nümayəndələri, eləcədə 30-a yaxın media nümayəndəsi iştirak edib.
Tədbirin keçirilməsində məqsəd ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərini, ictimaiyyət nümayəndələrini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən AQTİ, Analitik Ekspertiza Mərkəzi və müasir standartlara uyğun laboratoriyaların fəaliyyəti, maddi-texniki bazası ilə yaxından tanış etmək, xarici ölkələrlə qida sahəsində genişlənən əlaqələrin əhəmiyyətinə diqqət çəkməkdir.
İnfotur çərçivəsində AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə iştirakçılara İnstitutun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, AQTİ-nin fəaliyyət istiqamətləri ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunmasıdır ki, bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində Bakı şəhərində 6, regionlarda 13 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi həyata keçirilir.
AQTİ-nin laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olan beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri ölkəmizdə bu sahədə yaradılan şəraiti yüksək dəyərləndirib, burada beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının ölkədə qida təhlükəsizliyinin təmin edilməsində rolunu xüsusi vurğulayıblar.