Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Nuriyevi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org yeni Administrasiya rəhbərinin dosyesini hazırlayıb.
Samir Rafiq oğlu Nuriyev - Doğulduğu tarix və yer: 09.03.1975, Bakı şəhəri
Təhsili: 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə etmişdir.
Əmək fəaliyyəti:
1996-2003-cü illərdə müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışmışıdır.
2006-cı ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə, 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilmişdir.
2015-ci ildən Azərbaycan Respublikası Memarlar İttifaqının fəxri üzvüdür.