Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov və universitetin professor-müəllim heyəti iştirak edib.

Rektor Ədalət Muradov UNEC-in fəaliyyət istiqamətlərində regional universitetlərlə əməkdaşlığın prioritet olaraq müəyyənləşdirildiyini qeyd edib. UNEC-in Lənkəran Dövlət Universiteti (LDU) və Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq etdiyini deyən rektor, LDU ilə ikili diplom proqramı barədə razılaşmanın əldə olunduğunu vurğulayıb. O, UNEC-in regional universitetlərlə əməkdaşlıqda dünya praktikasında qəbul olunan yeni yanaşma ilə çıxış etdiyini, ikili diplom proqramının bu əməkdaşlığın əsas hədəfi olduğunu bildirib. Rektor bunun üçün keyfiyyət tələblərinin mövcud olduğunu və bu tələblərə cavab verə bilən tələbələrin UNEC-in diplomunu da əldə edə biləcəyini deyib. UNEC ilə MDU arasında əməkdaşlığın uğurlu olacağını bildirən professor Ə.Muradov, bu ali təhsil müəssisəsinin ölkənin təhsil sistemində və regional universitetlər arasında qısa müddətdə qabaqcıl universitetə çevriləcəyindən əminliyini ifadə edib.

Rektor Şahin Bayramov məzunu olduğu və bir zamanlar çalışdığı universitetdə olmaqdan qürur duyduğunu bildirib.

Sonra hər iki rektor tərəfindən əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, universitetlər arasında tələbə-müəllim mübadiləsi, MDU-nun müəllimlərinin UNEC-in Qış məktəbində iştirakı, MDU tələbələrinin bir semestrlik UNEC-də təhsil alması, birgə elmi-tədqiqatların aparılması və digər məsələlər nəzərdə tutulub.