Qarabağda- düşmən mövqeləri ilə üzbəüz olan Ağdamda “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı ilə məcburi köçkün uşaqlar və böyüklər üçün tibbi xeyriyyə aksiyası keçirilir.
Unikal.org xəbər verir ki, bu məqsədlə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının 20 nəfər tibb əməkdaşından ibarət briqadası bölgəyə ezam olunub. Yüksək ixtisaslı həkimlər müasir tibbi avadanlıqlarla tam təchiz edilən Mobil Səyyar Hospitalında və Ağdam Rayon Mərkəzi Xəstəxanasında hazırda pasiyentlər müayinədən keçirilir. Müayinəyə ümumilikdə 250-dək məcburi köçkün cəlb olunub.
DGK Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahi, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib ki, EXO, USM, EKQ və digər tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan uşaqların valideynlərinə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Aşkar edilən fəsadlara dair yüksək texnolojik və mürəkkəb əməliyyatlara ehtiyac olsa, onlar da dövlətimzə bağlı qurumların imkanları daxilində Bakıdakı ən müasir səhiyyə ocaqlarında icra olunacaq və insanlar öz sağlamlıqlarına qovuşacaq.
“Onu da qeyd edim ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindəndir, xeyriyyə aksiyalarını keçirməsi də Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin bariz nümunəsidir. Dövlət başçısının tapşırığı ilə hər il ölkə əhalisi pulsiz olaraq kompleks tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri var”.