Kənd Təsərrüfatı Nazirliyində “Tütünçülükdə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib.
Unikal.org xəbər verir ki, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən iclasda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin ekspertizası və təhlili idarəsinin direktoru Azər Süleymanov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Tütün İstehsalçıları Şurasının üzvləri, tütün emalı və istehsalı müəssisələrinin nümayəndələri, tütünçülüklə məşğul olan fermerlər iştirak edib.
İclası giriş sözü ilə açan İnam Kərimov bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir”.
Nazir çıxışında Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. Nazir İnam Kərimov fermerlər, ilkin emal müəssisələri və istehsalçı şirkət arasında dəyər zəncirinin düzgün qurulmasının vacib olduğunu diqqətə çatdırıb. O, gələn il tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr, tütünçülüyün inkişafı, hədəflər və perspektivlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
İclasda Tütün İstehsalçıları Şurasının tütünçülüklə bağlı 2020-ci il üçün tədbirlər planı müzakirə edilib, tütünçülüyün inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.