"Mən yaxşı bilirəm ki, buna oxşar bəzi fondlar son vaxtlar böyük itkilərə məruz qalmışdır, çünki onlar çox riskli siyasət aparırdılar, daha çox pul qazanmaq əzmində idilər. Bizim isə yanaşmamız, - mən bunu həmişə demişdim, - konservativ olmalıdır, mühafizəkar olmalıdır. Bizim əsas vəzifəmiz vəsaiti qorumaqdır və vəsaiti riskli olmayan alətlərə yatırmaqdır".
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbulda bildirib.
O deyib: "Biz indi artıq çoxşaxəli valyuta səbətini əldə etmişik və burada da valyuta məzənnəsinin dəyişkənliyi bizim vəsaitimizə təsir etmir.
Biz qızıla böyük yatırım etmişik, daşınmaz əmlaka böyük yatırım etmişik, Fondun vəsaiti coğrafi baxımdan da çoxşaxəlidir. Yəni, biz özümüzü mümkün olan bütün risklərdən qoruduq. Ən önəmlisi ondan ibarətdir ki, 20 il ərzində biz vəsait itirmədik və Fondun vəsaitini ildən-ilə artırırıq. Hətta böhranlı, devalvasiyaya uğradığımız illərdə də Fondun vəsaiti azalmadı. Mən imkan vermədim.
Biz xərcləri azaltdıq, böyük qənaət tədbirlərinə yol açdıq, strateji valyuta ehtiyatlarımızı qoruduq və onları artırdıq. Deyə bilərəm ki, bu, çox nadir hallarda baş verən hadisədir. Çünki o dövrdə, neftin qiymətinin kəskin - 4 dəfə düşməsi dövründə bütün suveren fondlar böyük pullar itirdi. Milyardlarla, on milyardlarla dollar itirildi. Biz isə itirmədik, ona görə ki, çox düşünülmüş siyasət aparırıq.
Mən çox şadam ki, Fondun idarəetmədən əldə edilən gəlirləri artır. Bu, çox yaxşı göstəricidir".