Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Unikal.org xəbər verir ki, qərara əsasən, Azərbaycana idxal olunan quş ətinə tətbiq edilən spesifik rüsumun vaxtı 2021-ci ilin sonunadək uzadılıb.
Başqa sözlə, 2019-cu il dekabrın 15-dək ölkəyə idxal edilən quş ətinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu tətbiq edilməli, dekabrın 15-dən isə quş əti üçün gömrük rüsumu 15 faiz (gömrük dəyərinə görə faizlə) olmalı idi. Nazirlər Kabinetinin son qərarına əsasən, quş ətinə tətbiq edilən spesifik rüsumların müddəti 31 dekabr 2021-ci ilə qədər uzadılıb. Başqa sözlə, 2021-ci il dekabrın 31-dək Azərbaycana idxal edilən quş ətinə tətbiq edilən gömrük rüsumu 15 faiz deyil, 1 kiloqramı üçün 1 ABŞ dolları olacaq.