Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Unikal.org xəbər verir ki, "Kapital Bank Arena"da “Sumqayıt" və "Qəbələ" komandaları üz-üzə gəlib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 23-cü dəqiqədə qonaq komandadan Fernan Lopes açıb. 31-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Peyman Babayi penaltini dəqiq yerinə yetirərək, bərabərliyi təmin edib. Bu, cənubi azərbaycanlı hücumçunun Premyer Liqada 6-cı qolu olub. Nəticədə Babayi bombardirlər siyahısında "Keşlə"nin hücumçusu Lorenzo Frutosa çatıb.
İkinci hissədə qapılara qol vurulmasa da, "Qəbələ" iki oyunçusunu itirib. 65-ci dəqiqədə qapıçı və kapitan Anar Nəzirov birbaşa qırmızı, 86-cı dəqiqədə Qismət Alıyev ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb. Lakin yerli komanda say üstünlüyündən yararlanmağı bacarmayıb.
Beləliklə, "Sumqayıt" qış fasiləsinə 18 xalla 4-cü, "Qəbələ" 13 xalla 7-ci pillədə çıxıb.
Qeyd edək ki, turun ilk 2 oyununda "Qarabağ "Keşlə" ilə 2:2 hesablı heç-heçə edib, "Zirə" isə Səbail"i darmadağın edib. Tura hazırda davam edən "Sabah" - "Neftçi" matçı ilə yekun vurulacaq.