"Aparılan maarifləndirmə işləri və məlumatlandırma  sessiyaları çərçivəsində fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatı və payızlıq əkinlərin bəyan prosesi uğurla davam edir. Bu günə qədər 415 mindən artıq fermer EKTİS-də qeydiyyatdan keçərək, özünə şəxsi kabinet yaradıb. Payızlıq əkinləri bəyan edən fermerlərin sayı isə 225 min nəfərə çatıb. Biz qeydiyyat və bəyan prosesini qrafikə uyğun optimal müddətdə başa çatdırmağı planlaşdırırıq".
Unikal.org
xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Qobustan və İsmayıllı rayonlarında EKTİS-in tətbiqi ilə bağlı fermerlərlə keçirdiyi görüşlərdə deyib.
Nazir müavini bildirib ki, payızlıq əkinlərin bəyan edilməsi aqrar subsidiyaların verilməsində əsas rolu oynayır: "Bu səbəbdən fermerlərimiz kənd təsərrüfatına dövlət dəstəyindən yararlanmaq üçün payızlıq əkinləri EKTİS-də bəyan etmə prosesində daha aktiv olmalıdır. Qeydiyyat və bəyan prosesində artım dinamikası göstərir ki, fermerlər öz üzərlərinə düşən məsuliyyəti yaxşı anlayır, aqrar islahatların əsas hədəf kütləsi kimi bu prosesdə iştirak edirlər".
Bu gün Kənd Təsərrüfatı Nazirliyinin EKTİS-in tətbiqinə məsul şəxslərindən ibarət nümayəndə heyəti Qəbələ və Oğuz rayonlarında da analoji görüşlər keçiriblər. Görüşlərdə fermerlərə EKTİS-in tətbiqinin üstünlükləri, yeni subsidiya mexanizminin xüsusiyyətləri, qeydiyyatdan keçmək və payızlıq əkinləri bəyan etmək proseduru barədə ətraflı məlumat verilir, onların sualları cavablandırılır.
Qeyd edək ki, bugünədək 40 rayonda EKTİS-in tətbiqi, yeni subsidiya mexanizminə keçid və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı fermerlərlə görüşlər, məlumatlandırma sessiyaları keçirilib.