Bu gün Dövlət Gömrük Komitəsində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Sərhəddə ticarət” indikatoru üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Unikal.org xəbər verir ki, iclasda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, baş idarə rəisləri, aidiyyəti qurumların əməkdaşları, İqtisadiyyat, Ədliyyə nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Fransa Ticarət və Sənaye Palatasının və konsaltinq şirkətlərin nümayəndələri iştirak edib.
İclasda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə xarici ticarət sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün icra və kommunikasiya planında nəzərdə tutulan işlər, cari ilin yekunları, gələcək hədəflərlə bağlı məsələlər müzakirə olunub.
Daha sonra “Sərhəddə ticarət” indikatoru üzrə aidiyyəti dövlət qurumları ilə birlikdə gömrük orqanları tərəfindən həyəta keçirilən tədbirlər barədə məlumat verən Komitə sədrinin birinci müavini ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı görülən işlərdən danışıb, bu məqsədlə “e-Növbə” layihəsinin artıq tətbiqinə başlanıldığını, gələcəkdə elektron xidmətlərin sayının artırılacağını, mobil tətbiqlərin genişləndiriləcəyini bildirib.
İclas çərçivəsində aidiyyəti baş idarə rəisləri tərəfindən ticarətin asanlaşdırılması, vətəndaş-məmur təmasının aradan qaldırılması məqsədilə informasiya texnologiyalarının tətbiqi hesabına həyata keçiriləcək layihələr, yeniliklər barədə məlumat verilib, işçi qrupun üzvlərinin rəy və təklifləri dinlənilib.