Azərbaycan Dövlət İqtisad Universitetində “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” mövzusunda dəyirmi masa keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdən öncə Rusiyanın Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüb. Görüşdə hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Birgə elmi tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi, konfransların təşkili istiqamətində fikir mübadiləsi aparılaraq, əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə olunub.

Sonra UNEC-in professor-müəllim heyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmilərinin, dövlət qurumlarının rəhbərlərinin, biznes nümayəndələri və elm adamlarının iştirakı ilə dəyirmi masa öz işinə başlayıb.

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə olunması departamentinin direktoru Zahid Məmmədov əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının ali təhsil müəssisələri qarşısında duran vacib məsələlərdən biri olduğunu qeyd edib. O, müvafiq istiqamətdə elm-təhsil-biznes vəhdətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, UNEC-də elmin və iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə elmi tədqiqat mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Tədbirdə “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Vyaçeslav Malçev təqdimatla çıxış edərək, təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışıb. Həmçinin Azərbaycan hökümətinin iqtisadi əməkdaşlıq sahəsində atdığı addımları yüksək qiymətləndirərək, dövlət və özəl sektorlar arasında səmərəli əlaqələrin qurulduğunu  bildirib.

İqtisadiyyat Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva isə  çıxışında ölkədə vergilər sahəsində həyata keçirilən islahatlardan danışıb. Mikro və makro sahibkarlığın inkişafında vergilərlə bağlı tətbiq olunan stimullaşdırıcı tədbirlər, KOS subyektlərinə dövlət dəstəyi, onların klasterləşdirilməsi barədə ətraflı məlumat verib. Nazirlik rəsmisi kölgə iqtisadiyyatı ilə mübarizə məqsədilə vergi siyasətində konkret istiqamətlərin müəyyən edildiyini bildirib, həyata keçirilən islahatların, həm də sahibkarların inzibatçılıq yükünün azaldılmasına xidmət etdiyini vurğulayıb.

Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov isə  dövlət və özəl sektorlar arasında əməkdaşlıqda beynəlxalq təcrübədən danışıb.

Tədbir müzakirələrlə davam edib. Dövlət orqanlarının yeni məcəllələrinin hazırlanmasında elmi müəssisələrin yaxından iştirakının vacibliyi, vergi hüquqpozmalarında beynəlxalq təcrübənin öyrənilməsi, startap layihələrinə güzəştli vergilərin tətbiqi və digər təkliflər səsləndirilib.