İspaniya La Liqasının 10-cu turunun təxirə salınmış oyununda “Barselona” “Real”ı qəbul edib.

Unikal.org xəbər verir ki, qolsuz bərabərliklə bitən matçdan əvvəl və sonra iğtişaşlar yaranıb. Azarkeşlərlə polislər arasında insident yaşanıb. Aksiyaya səbəb, kataloniyalı azarkeşlərin müstəqillik tələbi olub. Ümumilikdə iğtişaşlar zamanı 46 nəfər yaralanıb.

Etirazlar təkcə küçələrdə deyil, həm də “Kamp Nou”da da davam edib. Belə ki, azarkeşlərdən bəziləri əllərində siyasi pankartlar açıb, bəziləri də üzərində “İspaniya otur və danış” yazılmış topları meydana atıb. Bu səbəbdən oyunda iki dəqiqəlik fasilə yaranıb.

Kataloniyadakı etiraz aksiyalarına görə, oktyabrın 26-da keçirilməli olan “Barselona” – “Real” matçı ertələnmiş, dekabrın 18-nə təyin olunmuşdu.