Avropa Şurası Azərbaycan bələdiyyələrini hədəfə götürdü
14:02 31-10-2012
CƏMİYYƏT
Avropa Şurası Azərbaycan bələdiyyələrini hədəfə götürdü
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərindən Azərbaycanda fəaliyyətə başlayan bələdiyyələr hələ də tam gücü ilə işləyə bilmir. Belə ki yerli icra strukturları istənilən variantda bələdiyyələrin işinə qarışa bilir və bələdiyyələr, demək olar ki, heç bir qərarı müstəqil şəkildə qəbul edə bilmir.
Ekspertlərin müşahidəsinə görə, ölkədəki bələdiyyələr yerli icra strukturlarının tam şəkildə əlavəsinə, daha doğrusu, bir şöbəsinə çevrilib.
Bu anormal vəziyyət beynəlxalq qurumların da diqqətindən yayınmayıb. Belə ki Avropa Şurasının Yerli Hakimiyyətlər Konqresi Azərbaycanda bələdiyyə sistemini ciddi şəkildə tənqid edib.
AŞPA-nın rəsmi saytı bildirir ki, Strasburqda oktyabr ayında keçirilən Yerli Hakimiyyətlər Konqresinin iclasında Azərbaycanda bələdiyyə hakimiyyətinin vəziyyəti ilə bağlı məruzə dinlənilib. Azərbaycanla bağlı məruzəni Hollandiyadan olan məruzəçi Yos Viena və avstriyalı Qudrun Mosller-Ttorster edib.
Onların məruzəsində Azərbaycanda 2003-cü ildən sonrakı dövrdə aparılmış monitorinqin nəticələrinə qiymət verilib. Məruzədə vurğulanıb ki, Azərbaycanda bələdiyyə orqanlarının 3 assosasiyası yaradılsa da, onlar bələdiyyə maraqlarının müdafiəsində fəal rol oynamırlar.
"Azərbaycanda faktik olaraq yerli demokratiya mövcud deyil"
Bununla yanaşı, məruzədə Azərbaycan ratifikasiya etdiyi "Yerli idarəetmə haqqında" Avropa xartiyasının xeyli sayda qaydalarına əməl etməməkdə ittiham olunub.
"Azərbaycanda faktik olaraq yerli və regional demokratiya mövcud deyil. Situasiyanı dəyişmək üçün planlar da yoxdur"- deyə məruzədə qeyd olunub.
AŞPA "təxirəsalınmaz tədbirlər"ə çağırıb
Sənəddə vurğulanıb ki, bələdiyyə qurumları yerli dövlət strukturlarının güclü nəzarəti altındadır. Konqres Azərbaycan hökümətini tövsiyyələri həyata keçirmək üçün təxirəsalınmaz tədbirlər gerçəkləşdirməyə çağırıb.
Konkret fəaliyyət planı çərçivəsində Konqres Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovu 2013-cü ilin oktyabrında müzakirələr üçün Konqresə dəvət edib.
Hüquqşünas Aslan İsmayılovun "Unikal"a bildirdiyinə görə, "Azərbaycanda xeyli müddət öncə yaradılmış bələdiyyələrin effektli fəaliyyət göstərə bilməməsinin başlıca səbəbkarı icra strukturları və hökumətdir. Bu qurumlar bələdiyyələrin gücünü yaxşı bilir və mənimsədikləri idarəçilik səlahiyyətlərini bələdiyyələrlə bölüşmək istəmirlər".
Hüquqşünasın bildirdiyinə görə, "Hazırda bələdiyyə sistemi bütün dünyada ən demokratik idarəçilik sistemi kimi tanınmaqda və tətbiq edilməkdədir. Çünki əhali bələdiyyələr vasitəsilə dövlətin işində fəal şəkildə iştirak edir və öz hüquqlarını qoruya bilir, vətəndaşlar ödədikləri vergilərin nələrə istifadə edildiyinə nəzarət edə bilirlər". Bu baxımdan yanaşanda bələdiyyələr - şəffaf idarəçilik sistemidir. Şəffaf idarəçilik isə bizim hökumətə sərf etmir. Çünki bu hökumət əhali və cəmiyyət qarşısında hesabatlı olmağı xoşlamır. Bələdiyyələrimizin zəif fəaliyyətinin başlıca səbəbi bundan ibarətdir".
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin dediyinə görə, "Ölkədəki bələdiyyələrin fəaliyyətini tənzimləyəcək hüquqi-normativ aktlar tam şəkildə işlənib Milli Məclisdə təsdiq edilməyib. Buna görə də bu strukturlar onlara aid olan səlahiyyətlərdən tam şəkildə istifadə edə bilmir. Bu qanunvericilik aktlarının qəbul edilməsində icra strukturları da maraqlı deyil. Çünki bu strukturlarda təmsil edilən məmurlar bələdiyyələrin səlahiyyətlərini müəyyən mənada öz üzərlərinə götürüblər və bu imtiyazlardan məhrum olmaq istəmirlər. Fikrimcə, bu ondan irəli gəlir ki, ölkədə hakimiyyət bölgüsü prosesi tam başa çatdırılmayıb. Məlum olduğu kimi, bələdiyyələr yerli özünüidarəçilik formasıdır. Cəmiyyətin demokratikləşməsində, vətəndaşların idarəçilikdə fəal və şüurlu şəkildə iştirak etməsində bələdiyyələr əvəzsiz rol oynayır. Heç uzağa getməyək. Qardaş Türkiyədə bələdiyyələrin böyük maliyyə və idarəçilik imkanları var və bələdiyyələrin başqanları yeri gələndə dövlət nazirləri ilə, hətta ölkənin baş naziri ilə mübahisələrə də girişirlər. Bizdə hansısa nazirin cəsarəti çatar ki, əhali ilə, tamhüquqlu bələdiyyə sədrləri ilə mübahisəyə girişsin?"
Adil
Digər Xəbərlər
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00