Ümumdünya Antidopinq Agentliyi (WADA) 2017-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.
Unikal.org-un məlumatına görə, hesabat dövründə antidopinq qaydalarının 1804 dəfə pozulması qeydə alınıb. Bu rəqəm 2016-cı ildə 1595, 2015-ci ildə isə 1929-a bərabər olub.
Açıqlanan hesabata görə, ən çox dopinqdə "ilişən" ölkə İtaliyadır. Bu ölkənin idmançıları 171 dəfə WADA-nın qaydalarını pozublar. Fransa 128, ABŞ 103, Braziliya 84, Rusiya 82 dəfə agentliyin qaydalarına zidd hərəkət edib.
Azərbaycan idmançıları da siyahıda öz yerini alıblar. İl ərzində 32 qayda pozuntusuna yol verən təmsilçilərimiz siyahıda 14-cüdür.
Milli komandamızın üzvləri 30 dəfə dopinq test zamanı “ilişibsə”, iki dəfə bundan imtinaya görə cəzalanıb. 30 pozuntudan 24-ü kişi, 6-sı qadın idmançıların hesabındadır. Bunlardan 21-i yarış zamanı, 9-u turnirdən kənar aşkarlanıb.
10 müxtəlif idman növündəki təmsilçilərimizdən götürülən analizlər müsbət nəticə verib. İdmançılarımız ağır atletikada daha çox – 9 dəfə “fərqlənib”. Güləşdə 6, velosiped idmanında 4, atletika və bodibildinqin hərəsində 3, həndbol və cüdonun hərəsində 2 belə hal yaşanıb. Bir qayda pozuntusuna yol verilən üç idman növü sırasında boks və karate ilə yanaşı, nə qədər qəribə olsa da amerika futbolu da var.
245 min 232 dopinq testin götürüldüyü ildə 93 idman növü üzrə 114 ölkə təmsilçisi yoxlanılıb. Bodibildinq (266), atletika (242), velosiped idmanı (218) növləri daha çox “ilişiblər”.