Dekabrın 20-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Xarici Ticarət İştirakçılarının “Gömrük sahəsində islahatlar: “Yaşıl dəhliz” sisteminin tətbiqinin nəticələri və perspektivlər” mövzusunda 2-ci Respublika Forumu keçirilib.
Forum gömrük sistemində həyata keçirilən islahatlar və nəticələr, “Yaşıl dəhliz” buraxılış sistemi və bu layihənin faydalarından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
DGK-dan Unikal.org-a bildirilib ki, tədbirin açılış mərasimində Dövlət Gömrük komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, beynəlxalq təşkilatların, xarici diplomatik korpusların, biznes qurumlarının nümayəndələri, 900-dən artıq iş adamı iştirak edib.
Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizin uzun müddətli inkişaf strategiyasının müəyyənləşdirildiyini, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların hərtərəfli inkişafımızın davamlılığını təmin etdiyini bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, son iki ildə gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə institusional islahatların əhatə dairəsi genişləndirilib ki, bu da xidmət mədəniyyətinin yüksəldilməsində, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşdırılmasında mühüm rol oynayıb.
Vurğulanıb ki, beynəlxalq təcrübədə gömrük orqanlarının etibarını qazanan şəxslərə münasibətdə sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi və digər imtiyazları özündə ehtiva edən müxtəlif proqramlar tətbiq olunur və bu proqramlar dövlətlə özəl sektor, gömrüklə biznes arasında qarşılıqlı etimad prinsiplərinə söykənən səmərəli əməkdaşlığın qurulmasına şərait yaradır.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin fərmanına əsasən, bu ilin fevralından tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemi bu prinsiplərə əsaslanır. Artıq 505 hüququ şəxsin bu sistemdən istifadə hüququ əldə etdiyini xatırladan Səfər Mehdiyev xarici ticarət həcminin 8 milyard dollarının “Yaşıl dəhliz” sistemindən istifadə edən biznes subyektlərinin payına düşdüyünü vurğulayıb. O da qeyd olunub ki, “Yaşıl dəhliz” buraxılış sistemi vətəndaş-məmur təmasının minimuma endirilməsinə, sahibkarların əlavə vaxt və vəsait itkisinin aradan qaldırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, şəffaflığın təmin olunmasına şərait yaradıb.
Sonda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.