"Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.
"Biz hər ilin sonunda idman nailiyyətlərinə yekun vururuq, idmançıları, idman mütəxəssislərini, veteranları mükafatlandırırıq. Bu il də istisna deyil. İlin sonunda bir daha görüşürük, eyni zamanda, gələcək planlar haqqında danışırıq, fikirlərimizi bölüşürük və beləliklə, Azərbaycanda idmanın inkişafı dayanıqlı xarakter alır", - deyə dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: "Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər. Ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik. Biz buna görə görkəmli idmançılarımıza minnətdar olmalıyıq. Ümumiyyətlə, hesab edirəm ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir. Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır. Bu baxımdan bu il də əlamətdar il olmuşdur. Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu, onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər, bizim bayrağımızı yüksəklərə qaldırıblar".