Azərbaycanın balaca Messisi Türkiyə mətbuatının diqqətini çəkib.

Unikal.org xəbər verir ki, istedadıyla Barselonanın super ulduzu Lionel Messiyə bənzəyən 7 yaşlı Kamran Babazadə adını Türkiyə mətbuatında da çıxarmağı bacarıb.

7 yaşında olmasına baxmayaraq, yaşlı vətəndaşlarla futbol oynayan və üstün istedadı ilə fərqlənən Kamran Babazadə atası övladına Azərbaycanda göstərilən diqqətdən narazılıq edib.

Belə ki, Kamranın atası Rəşad Babazadə oğlunun xüsusi istedadlı bir futbolçu olduğunu və bunu Azərbaycanda laqeydliklə qarşılandığını qeyd edib.

Türk mətbuatına açıqlama verən R.Babazadə belə deyib: "Öz oğlum üçün demirəm. Azərbaycanda Kamran qədər bacarıqlı uşaqlar çox azdır, amma heç kim onun kimi güclülərə kifayət qədər dəstək vermir. Hətta videoları izləmir və şərh vermirlər. Lakin bu gün Azərbaycan futbolunun mövcud vəziyyətini yazan insanlar mövcud istedadlara lazımi diqqət də göstərmir”.

Həmçinin də, R.Babazadə yaxın zamanda Türkiyəyə getdiyini və Kamranın videolarını Super Liqa qruplarının infrastruktur koordinatorlarına izlətdiyini də deyib:

"Artıq Türkiyədə müvafiq qurumlarla oğlum barədə danışmışam. Türk klublarıyla əlaqəsi yaxşı olan dostum var. Bizi bir fəaliyyətə dəvət etdilər. Orada Super Liqa və Alt Liqaları İnfrastruktur koordinatorlarına Kamranın videolarını göstərmək şansım oldu. Onlar videonu izləyərək “Türkiyədə belə qabiliyyətli bir uşaq yoxdur” dedilər. Azərbaycanın ən böyük Qarabağ, Neftçi, və Bakı  klubları bununla bağlı maraqlanmaması utanc verici hissdir" deyə bildirib.

Onu da qeyd edək ki, Kamran Ronaldonun fanatıdır və məqsədi dünyanın ən böyük klublarında oynamaqdır.