Futbol üzrə Argentina yığmasının və "Barselona" komandasının hücumçusu Lionel Messi və Amerika gimnastı Simona Baylz İdman Mətbuatı Beynəlxalq Assosiasiyasının (AIPS) versiyasına görə ilin idmançısı elan ediliblər.

Unikal.org xəbər verir ki, səsvermədə dünyanın 102 ölkəsindən 331 jurnalist iştirak edib. Messi 13,11 faiz səs toplayaraq keniyalı yüngül atlet Eliuda Kipçoqeni (12,01 faiz) üstələyib. İspan tennisçisi Rafael Nadal (9,38%) səsvermədə üçüncü yeri tutub. İlin ən yaxşı idmançısının tituluna iddiaçıların siyahısına düşmüş Rusiya üzgüçüsü Anton Çupkov cəmi 1,23% səs yığıb.

Simona Baylz 15,04% səs toplayaraq qadınlar arasında birinci olub. Səsvermənin nəticəsinə görə ikinci yeri Amerika futbolçusu Meqan Rapino (13,51%) tutub. Üçüncü yerdə yamaykalı yüngül atlet Şelli-Enn Freyzer-Prays qərarlaşıb.