İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına bir neçə raket atılıb, nəticədə azı 8 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə “AFP” agentliyi İraq təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Yüklərin olduğu əraziyə düşən üç raket iki nəqliyyat vasitəsinin partlamasına səbəb olub. Qeyd olunub ki, raketlərdən biri uçuş-eniş zolağına düşüb və bu səbəbdən hava limanı bağlanıb.

“Əl-Ərəbiyyə”, "Əl-Cəzirə" və "Sky News" telekanallarının verdiyi məlumata görə, hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani həlak olub. 

Öz növbəsində ABŞ Bağdadda İranla əlaqəli iki hədəfə zərbə endirildiyini təsdiq edib. Bu barədə “Reuters” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. 

**** (09:00)

İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldüyünü təsdiq edib.

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb. Bunu Pentaqon da rəsmi olaraq təsdiqləyib.

Nazirlik raketlərin ABŞ Prezidenti Donald Trampın əmri əsasında atıldığını bildirib. 

Xəbərdə o da bildirilib ki, Generalın öldürülməsi xəbəri neftin qiymətinə təsir edib. Belə ki, "qara qızıl"ın qiyməti bahalaşıb. Mart ayında tədarük olacaq “Brent” markalı neft fyuçerslərin qiyməti 2,76% yüksələrək 60,42 dollar/barelə çatıb.

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin fevral ayı üçün fyuçerslərin qiyməti 2,75% qalxaraq 62,82 dollar/barelə bərabər olub.