“Barselona”nın sabiq futbolçusu Xavi “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə bağlı açıqlama verib.
Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı sabiq futbolçu, “şəhərlilər”in Premyer Liqadakı vəziyyəti və Qvardiola ilə bağlı danışıb:
“Qvardiola doğuşdan qalibdir. “Mançester Siti”nin Premyer Liqada “Liverpul”dan bu qədər geri qalması onu təəssüfləndirir, amma bilirəm ki, o, mübarizədən imtina etməyəcək. Pep realist insandır. İki komanda arasındakı xal fərqi böyükdür və “Mançester Siti”nin yenidən çempion olmaq ehtimalı olduqca az görünür. Bu vəziyyətdə Çempionlar Liqasının Pep üçün prioritet olacağını düşünürəm.
Qvardiola bütün mümkün kubokları qazanmaq istəyir, amma mövsümün əvvəlində ondan nəyi üstün tutacağını soruşsan, əminəm ki, Çempionlar Liqasını seçəcək. O, “Mançester Siti” ilə İngiltərədə bütün kubokları qazandı, lakin Çempionlar Liqasındakı qalibiyyətin klubu yeni səviyyəyə qaldıracağını bilir”.