Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 7-də Ordubad Rayon Uşaq Xəstəxanasının yaradılması haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamla publik hüquqi şəxs statuslu Ordubad Rayon Uşaq Xəstəxanası yaradılır.

Sərəncamdan irəli gələn digər məsələləri həll etmək Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılıb.

Qeyd olunub ki, muxtar respublikada uşaqların sağlam böyüməsi üçün tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə görülən işlərin davamıdır. Ordubad rayonunda əhalinin sayının 50 min nəfəri keçməsi uşaq xəstəxanasının yaradılmasını zəruri edib.