Yanvarın 10-dan 12-dək Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Avropa, dünya və olimpiya çempionu Yaşar Doğunun xatirə turniri keçiriləcək.
Unikal.org xəbər verir ki, ənənəvi yarışda ölkəmizi həm sərbəst, həm də qadın güləşçilərimiz təmsil edəcək.
Kişilərin mübarizəsində ölkəmizi baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əfqan Xaşalov, Pərviz İbrahimov, Georgi Edişeraşvili (hamısı 57 kq), İntiqam Vəlizadə, Ruslan Qasımov (hər ikisi 61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Ağahüseyn Mustafayev (70 kq), Toğrul Əsgərov, Hacımurad Hacıyev, Hacımurad Ömərov (hamısı 74 kq), Abubakr Abakarov (79 kq), Cəbrayıl Həsənov, Osman Nurməhəmmədov, Hacımurad Məhəmmədsəidov (hamısı 86 kq), Şamil Zubairov, Aslanbek Alborov (hər ikisi 92 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.
Qadınların yarışında baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko (hər ikisi 62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) qüvvəsini sınayacaq. Nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edəcək.
Qeyd edək ki, 15-ə yaxın ölkədən pəhləvanların çıxış edəcəyi turnir İstanbul Bağçılar Qapalı İdman Salonunda təşkil olunacaq. Beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev 48-ci dəfə keçiriləcək ənənəvi yarışda ədaləti qoruyacaq. Turnir Türkiyənin “TRT Spor-2” telekanalı tərəfindən canlı yayımlanacaq.
Yarışın proqramına gəlincə, yanvarın 10-da sərbəst güləşdə 57, 65, 70, 86 və 97 kq-da, qadın güləşində isə 50, 57 və 68 kq-da mübarizəyə start veriləcək. Qadın güləşində 3 kateqoriya üzrə medalçılar ilk yarış günündə müəyyənləşəcək. Sərbəst güləşdə 5 çəki üzrə təsəlliverici və medal qarşılaşmaları yanvarın 11-də baş tutacaq. İkinci yarış günündə sərbəst güləşdə 61, 74, 79, 92 və 125 kq-da, qadın güləşində isə 53, 59, 65 və 72 kq-da çıxış edən güləşçilər də mübarizəyə qoşulacaq. Qadınların bu çəkilər üzrə çıxışına həmin gün yekun vurulacaq. Yanvarın 12-də sərbəst güləş üzrə son 5 çəkidə təsəlliverici və medal görüşləri keçirilməklə yanaşı, 55, 62 və 76 kq-da iştirak edən qadınlar arasında qaliblərin adları məlum olacaq.