Bu gün Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Atakişili kənd inzibati ərazi dairəsinə daxil olan Atakişili və Şıxımlı kəndlərinin sakinləri ilə növbəti səyyar qəbulu keçirilib.
Unikal.org xəbər verir ki, Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbinin akt zalında keçirilən qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbulda giriş nitqi ilə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov ölkə Prezidentinin əhalinin rifah-halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə geniş məlumat verib. Qeyd edib ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgədə, o cümlədən Kürdəmir rayonunda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir. Vurğulayıb ki, hazırda rayonda Heydər Əliyev Fondunun təşəbbüsüü ilə qəzalı vəziyyətdə və istismara yararsız olan şəhər 7 saylı uşaq baxçası-körpələr evi sökülərək yerində 40 yerlik uşaq baxçası-körpələr evi , rayonun Yenikənd kəndində isə istismara yararsız tibb məntəqəsi sökülərək yenidən inşa edilir.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi diqqət və qayğıları yüksək qiymətləndirdiklərini vurğuladılar.
Qəbulda kənd sakinlərinin kəndarası yolların təmiri, təbii qaz, elektrik enerji, sosial müdafiə, kənd təsərrüfatı, torpaq məsələləri, səhiyyə, məşğulluq və digər məsələlər ilə əlaqədar təklifləri və şikayətləri dinlənilib,qaldırılan məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb, digər problemlər barədə aidiyyəti təşkilatlara tapşırıqlar verilib.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.