Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev universitetin Xüsusi Texnika və Texnologiya fakültəsinin dekanı Ramiz Hüseynovu vəzifəsindən azad edib.

Unikal.org xəbər verir ki, bu barədə Report-a V.Vəliyev özü məlumat verib.

Onun sözlərinə görə, R.Hüseynov tələbələrə qanunsuz olaraq formalar tətbiq etdiyinə görə vəzifəsindən kənarlaşdırılıb.

“Ramiz Hüseynov işində nöqsanlara yol verdiyi üçün öz xahişi ilə vəzifəsindən çıxarılıb. Nöqsanı ondan ibarətdir ki, tələbələrə özbaşına xüsusi geyim formaları tətbiq eləyib. Halbuki ona dəfələrlə xəbərdarlıq olunsa da, o, buna məhəl qoymayıb.

Bizim də əsasnamədə yazılıb ki, tələbələrə xüsusi formalar tətbiq edilə bilməz. O, tələbələrə məcbur edib ki, xüsusi geyim formaları alsınlar və formalarla bağlı pul yığıb. İşdən çıxması ilə bağlı yazdığı ərizədə də öz məsuliyyətini boynuna alıb.

Ərizəsində həmçinin yazıb ki, tələbələrin hər hansı iddiası olarsa, cavab verəcək. Hətta həmin formanı geyinən tələbələri polislər saxlayıb, soruşub ki, formanı haradan əl etmisiniz? Sonra həmin tələbələr sərbəst buraxılıb”.

Rektor qeyd edib ki, hazırda Xüsusi Texnika və Texnologiya fakültəsinin dekanı vəzifəsinin icrası əvvəllər magistratura şöbəsində çalışmış Elçin Rzayevə tapşırılıb. V.Vəliyev vurğulayıb ki, eyni zamanda, AzTU-nun Tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Onun yerinə isə pedaqogika üzrə fəlsəfə doktoru Qəmər İsayeva təyin olunub.