Yanvarın 9-da Hacıqabul rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, çağırışçıları hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Hacıqabul rayon şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil işçiləri, eləcə də ağsaqqallar, müharibə veteranları, valideynlər, gənclər və kütləvi informasiya vasitələrinin əməkdaşları yola salıblar.
Tədbir iştirakçıları və çağırışçılar əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov hərbi xidmətə yola düşmələri münasibətilə çağırışçılara təbriklərini çatdırıb, onlara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi, polkovnik-leytenant Nurlan Abbasov bildirib ki, bu gün hərbi xidmətə yola salınan gənclər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bir orduda xidmət edəcəklər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində hazırda Silahlı Qüvvələrimizin regionun ən güclü və qüdrətli ordusuna çevrildiyini diqqətə çatdırıb.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Hacıqabul rayon təşkilatının sədri Əlibala Rəsulov çağırışçılara uğurlar diləyib, onların ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şücaət göstərmiş vətən övladlarından nümunə götürəcəklərinə inam ifadə edib.
Çağırışçı Natiq Həsənov tədbir iştirakçılarını əmin edib ki, hərbi xidmətə yola düşən gənclər Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlar.
Konsert proqramı ilə davam edən mərasimin sonunda gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.