2019-cu ilin əvvəlindən Prezident İlham Əliyevin sərəncamı ilə mühüm sosial islahatlar həyata keçirildi. Xüsusən də sosial qayğıya ehtiyacı olan vətəndaşların təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Pensiya və müavinətlər artırıldı. Bu addımlar sosial qayğıya ehtiyacı olan vətəndaşların həyatına necə təsir etdi? Həssas qrupdan olan vətəndaşların reabilitasiyası, onların sağlamlığının qorunması yönündə hansı addımlar atıldı?
Bu və ya digər məsələlərlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbəri Cavid Əbdul-Qədirov “Unikal” qəzetinə müsahibə verib. Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr tarixli “Sosial Müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə publik hüquqi şəxs (agentlik) statusu verilib.
-Cavid müəllim, artıq 2019-cu ili yola saldıq. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ötən il hansı işlər həyata keçirilib? Əldə olunan nailiyyətlər barədə məlumat verərdiniz…
-Cənab Prezident İlham Əliyevin yürütdüyü sosial siyasət və nazirimiz Sahil Babayevin göstərişlərinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bir sıra istiqamətlərdə mühüm işlər görüb. Qanunvericilik aktlarına, əlilliyin təyin olunması meyarlarına yenidən baxıldı. Bu istiqamətdə hazırlanan təkliflər Nazirlər Kabinetinə təqdim edilib. Onu da qeyd edim ki, proses başa çatmayıb, araşdırmalar aparılır, materiallar toplanılır, yekun qərar qarşıdakı dövrdə veriləcək. Hesab edirik ki, əlilliyin qiymətləndirilməsi 2020-ci ilin iyul ayından yeni meyarlarla həyata keçiriləcək.
- Ötən il ərzində bir neçə mərkəzin açılışı oldu. Yeni tikilən müəssisələr də var, eləcə də təmir olunanlar. Sizcə, bütün bunlar qayğıya ehtiyacı olan vətəndaşlar üçün hansı yeni imkanlar yaradır? Ümumiyyətlə, bu qurumlarda xidmətin səviyyəsinin yüksəldilməsi üçün hansı işlər görülüb?
-Ötən il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ən vacib işlərindən biri 4 mərkəzin açılması oldu. Cənab Prezidentin tapşırığı əsasında Yevlax, Naftalan Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzləri, eləcə də Mərdəkan Əlilliyi olan şəxslərin Müalicə Pansionatı və Protez-Ortopedik Bərpa Mərkəzinin istehsalat və stasionar bölmələrinin əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışı baş tutdu. Hesab edirəm ki, həmin müəssisələrin istifadəyə verilməsini ölkədə reabilitasiya infrastrukturunun müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm hadisə kimi qiymətləndirmək olar. Bu tipli müəssisələrin açılması əlilliyi olan şəxslərin normal həyata adaptasiya olması, sağlamlıqlarının bərpası üçün mühüm əhəmiyyətə malikdir.
Vacib yeniliklərdən bir də o oldu ki, birinci qrup Qarabağ əlillərinin övladları təhsilhaqqından tam azad olundular. Təbii ki, şəhid övladları da təhsilhaqqından azaddırlar. Dövlətin bu istiqamətdəki siyasəti hər kəsə aydındır. Bu istiqamətdə həyata keçirilən sosial siyasət qeyd olunan kateqoriyadan olan vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəlib.
- Ölkədə əlil vətəndaşların əsas problemlərindən biri də protez və ortopedik məmulatlarla təmini məsələsidir. Bu istiqamətdə hansı irəliləyişlər əldə olunub?
-Biz növbəti illərdə bərpa reabilitasiya işinə dair yeni konsepsiyanın hazırlanmasına çalışırıq. Cənab Prezidentin tapşırığına əsasən ortopedik təminatın yüksəldilməsi üçün lazım olan bütün addımlar atılacaq. Onu da planlaşdırırıq ki, qarşıdakı dövrdə ehtiyacı olan vətəndaşları bionik, yəni, yüksək texnologiyalı protezlərlə təmin edək. Bilirsiniz ki, indiyə qədər bionik protezdən istifadə olunmamışdı. Avadanlıqların verilməsi istiqamətində şəffaflığın təmin olunması məsələsi də önəmlidir. Burada şərtlər belədir. Birinci vətəndaşın əlilliyi təyin olunur, əlillik dərəcəsinə uyğun reabilitasiya vasitələri müəyyənləşdirilərək verilir. 2019-cu il ərzində 14555 nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin olunub. Sözsüz ki, tibbi göstərişi olan şəxsləri ən yüksək keyfiyyətə malik reabilitasiya vasitələri ilə təmin edirik . Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə Almaniya və Belarusun ən qabaqcıl müəssisələri ilə əməkdaşlıq edir. Növbəti illərdə mütəxəssislərimizi xarici ölkələrə göndərməyi də nəzərdə tutmuşuq.
-Hazırda neçə belə müəssisə fəaliyyət göstərir?
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində 14 müəssisə fəaliyyət göstərir. Onların 8-i tam gücü ilə işləyir, 6-sı isə hələlik təmirdədir. Yəqin ki, bu il ərzində həmin müəssisələr də yenidən fəaliyyətə başlayacaq.
- Rəhbəri olduğunuz qurumun nəzdində olan reabilitasiya mərkəzlərinin fəaliyyəti və görülən işlərlə bağlı məlumat verməyinizi istərdik. Bu il hansı yeniliklər oldu? Qarşıdakı dövrdə hansı planlar var?
-2019-cu ildə 10 mindən yuxarı əlil vətəndaşa xidmət göstərmişik. Bu, ən vacib məqamlardan biridir. Çünki 2018-ci illə müqayisədə 2019-cu ildə bu sahədə xidmətin keyfiyyəti və kəmiyyəti artıb. Biz həm stasionar, həm də ambulator formada əlillərə xidmət göstəririk. Bu sahədə təkmilləşmə və innovativ gözləntilərimiz var. Bunun üçün həkimlərimizin xaricdə təcrübə keçməsi, təkmilləşdirmə kurslarına cəlb olunmasını həyata keçirəcəyik. Eyni zamanda, xaricdən ölkəmizə mütəxəssislərin gətirilməsi ilə təcrübə mübadiləsini gerçəkləşdirmək istəyirik. Biz bu istiqamətdə indiyə kimi müəyyən addımlar atmışıq. Amma təcrübənin daha da genişləndirilməsi üçün lazımi addımları bundan sonra da atacağıq.
-Uşaq bərpa mərkəzlərinin fəaliyyəti ilə bağlı da məlumat verərdiniz. Bu sahədə vəziyyət necədir?
-Sağlamlıq imkanları məhdud olan uşaqlara xidmət göstərilməsi olduqca vacib məsələdir. Təəssüflə qeyd etməliyəm ki, uşaq bərpa mərkəzlərinin sayı çox azdır, cəmi iki müəssisəmiz var. Hal-hazırda Bakı şəhərində Uşaq Bərpa Mərkəzi və Xüsusi Qayğıya Ehtiyacı olan uşaqların Dövlət Reabilitasiya Müəssisəsində sağlamlıq imkanları məhdud uşaqların bərpa müalicəsi həyata keçirilir. Birinci müəssisədə bərpa müalicəsi stasionar və ambulator qaydada, digərində isə yalnız ambulator şəraitdə gerçəkləşdirilir.Stasionar müəssisənin 50 çarpayısı var. Burada yüz nəfərə yaxın sağlamlıq imkanları məhdud uşağa bir ay ərzində reabilitasiya xidmətləri göstərilir. Ambulator qaydada isə bir gündə 15-20 uşaq qəbul edilərək xidmət göstərilir. Nəzərinizə onu da çatdırım ki, Cənab Prezidentin göstərişi ilə Şəmkir və Qəbələ rayonlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün iki yeni bərpa mərkəzinin yaradılması nəzərdə tutulur. Hər iki müəssisənin 2021-ci ildən fəaliyyətə başlamasını planlaşdırırıq.
-Cavid müəllim, mühüm məsələlərdən biri də əlilliyin təyinatı ilə bağlıdır. Məlumdur ki, artıq neçə müddətdir ki, proses elektronlaşdırılıb. Sizcə, bu yeni sistem özü ilə hansı müsbət məqamlar gətirib?
-Qarşıdakı dövrdə əlilliyini qiymətləndirilməsinə dair mühüm islahatlar aparılacaq. Ötən dövr ərzində bu sahədə müəyyən problemlər ortaya çıxdı. İstəyirik ki, bundan sonra əlilliyin müəyyənləşməsi prosesində vətəndaşın narazı qalacağı hər hansı bir məqam olmasın. Əslində bu sistem təkmilləşmiş sistemdir. Onu da qeyd edim ki, bizim hazırkı sistemimiz beynəlxalq səviyyədə mühüm mükafata layiq görülüb. Bu sistem fəaliyyətə başlayan ilk illərdə daha çətin idi. Həm həkimlərin, həm vətəndaşın bu sistemə uyğunlaşması çətin oldu. İcbari tibbi sığortanın olmaması bu prosesdə müəyyən çətinliklər yaradır. Amma inanıram ki, yaxın gələcəkdə bu problemlər öz həllini tapacaq. Səhiyyənin tam elektronlaşması ilə yanaşı, qiymətləndirmə prosesinin də təkmilləşməsi ümumi işin xeyrinə olacaq.
-Bir qədər detallara varmaq olarmı ki, təyinat hansı qaydada aparılacaq?
-Deməli, vətəndaş ərazi üzrə poliklinikaya, yaxud da mərkəzi rayon xəstəxanasına müraciət edir. Orada həkim məsləhət komissiyasının qərarı ilə “forma 88” tərtib olunur. Həmin sənəd ekspert-vətəndaş ünsiyyəti olmadan elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Altsisteminə daxil edilir. Sonra vətəndaş ünvanlı qaydada deyil, Tibbi Sosial Ekspert Komissiyaları üzərindən üçlü qaydada komissiya həyata keçirilir.
-Məsələ ondadır ki, bəzi hallarda əlilliyin təyinatı ilə bağlı neqativ məqamlar da ortaya çıxır. Müəyyən narazılıqlar da yaranır. Sizcə, bu neqativ halların meydana çıxması nə ilə bağlıdır, qanunvericilikdə hansısa boşluq var, yoxsa məmur-vətəndaş münasibətlərindən irəli gəlir?
-Bütün proses əlilliyin təyin olunması ilə bağlı qərara əsasən aparılır. Əlilliyin müşahidəsi olmalıdır. Bir vətəndaşın əlillik dərəcəsi alması üçün onun 6 ay stasionar və ambulator müalicəsi olmalıdır. Diaqnostik müayinələri düzgün formalaşdırılandan sonra növbəti mərhələyə başlanılmalıdır. Bilirsiniz, əlilliyin təyin olunması geridönməz prosesdir. O geridönməz prosesi bizim əməkdaşlar müşahidə edir və vətəndaş rahatlıqla əlillik dərəcəsi alır.
-Şəhid ailələri, Qarabağ əlillərinin istirahətinin təşkili yönündə hansı addımlar atılır?
-Bu istiqamətdə tədbirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Dövlət Sosial Müdafiə Fondu bu tərdbirlərə cəlb olunan vətəndaşların, görülən işlərin statistikasını aparır. Məndə olan məlumata görə, il ərzində 500 nəfərə yaxın şəxs sanator-kurort göndərişi ilə təmin olunub. Bizim müəssisələrdə isə 14 mindən artıq vətəndaş reabilitasiya xidmətləri ilə təmin olunublar.
-Sonda bir məqama da toxunmanızı istərdik. Məlum olduğu kimi, Heydər Əliyev Fondunun Prezidenti, Birinci Vitse prezident Mehriban Əliyeva hər zaman sosial qayğıya ehtiyacı olan vətəndaşları diqqət mərkəzində saxlayır. Bu il ərzində Heydər Əliyev Fondu tərəfindən icra olunan sosial layihələr barədə nə deyə bilərsiniz?
-Sözsüz ki, cənab Prezidentin və Birinci Vitse-prezidentin qayğısı daim vətəndaşları öz əhatəsinə alır. Xüsusən də sosial qayğıya ehtiyacı olan vətəndaşlar bu qayğını daha çox hiss edirlər. Məlumat üçün bildirim ki, ötən il pensiya və müavinətlərin artırılması, Qarabağ əlillərinə mənzillərin, avtomobillərin verilməsi demək olar iki dəfə artırılıb. Hesab edirəm ki, Heydər Əliyev Fondu da qayğıya ehtiyacı olan vətəndaşları hər zaman diqqətdə saxlayıb. Bu günə kimi həyata keçirilən sosial layihələr, tədbirlər buna əyani sübutdur.
Hüseyn İsgəndərov