Son illər damazlıq heyvandarlığa marağın yüksəlməsi bu sahədə, xüsusilə idxal prosesi zamanı bir sıra prosedurlara ciddi əməl olunması zərurətini meydana çıxarıb.
Unikal.org xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin damazlıq heyvan idxalçılarına etdiyi xəbərdarlıqda bildirilir.
Qurumlar bəyan edib ki, idxal edilən heyvanların damazlıq keyfiyyətlərinin respublikamızın damazlıq strategiyasına uyğunluğu və heyvanların idxal olunduğu ölkə və zonaların xəstəlikdən azad olması ən vacib şərtlərdəndir.
Eyni zamanda, heyvanların cins tərkibinin yaxşılaşdırılması ölkədə təkcə heyvanların sayını deyil, həm də yüksək məhsuldarlığa malik heyvan cinslərini artırmaqla məhsul istehsalının yüksəldilməsinə nail olmağı nəzərdə tutur.
Buna görə də yüksək sinifli, nəsil şəcərəsi bilinən və məhsuldar cinslər yetişdirilən Avropa ölkələrindən (Almaniya, Avstriya, Fransa, Hollandiya, İtaliya, Norveç, İsveç, Danimarka, Böyük Britaniya) damazlıq heyvan idxalı məqbul hesab olunur. Postsovet ölkələrinin epizootik durumunun stabil olmadığını və heyvanların damazlıq göstəricilərinin identifikasiya sistemi üzərindən tam izlənilmədiyini nəzərə alaraq, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən yalnız epizootik vəziyyəti stabil olan ölkələrdən damazlıq heyvanların alınmasına maliyyə dəstəyi göstəriləcək.
İdxal edilən heyvanın müəyyən edilən tələblərə uyğunluğunu təsdiq etmək üçün idxalçı fermer və ya sahibkarlar tərəfindən heyvanların yetişdirildiyi damazlıq təsərrüfatı haqqında zəruri məlumatlar - heyvanların damazlıq sertifikatı, doğulduğu və yetişdirildiyi təsərrüfat, ölkə, bölgə, ünvan məlumatları, təsərrüfatın fəaliyyət növü və tətbiq edilən seleksiya-damazlıq proqramı haqqında göstəricilər Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmalıdır. Məlumatlar təhlil edildikdən sonra damazlıq heyvanların idxalına münasibət müsbət olduğu halda sahibkar Nazirlikdən verilmiş cavab məktubunu digər sənədlərlə birlikdə Qida Təhlükəsizliyi Agentliyinə təqdim etməlidir.
Qeyd edək ki, ixracatçı ölkənin epizootik vəziyyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) əldə edilmiş məlumatlar əsasında qiymətləndirilir. Bu məlumatlar iki qrupa bölünür: a) təcili bəyan edilən məlumatlar, b) epizootik vəziyyət barədə dövri məlumatlar.
Bu barədə www.oie.int veb səhifəsindən əldə etmək olar.
Sahibkarlıq subyektləri idxal ediləcək damazlıq heyvanlara dair baytarlıq rəyi (icazəsi) almaq üçün idxaldan əvvəl Qida Təhlükəsizliyi Agentliyinə regional bölmələr vasitəsilə, elektron formada aşağıdakı sənədləri təqdim etməlidir;
- Ərizə
- Kənd Təsərrüfatı Nazirliyinin razılıq məktubu
- İxracatçı ilə bağlanmış müqavilənin surəti
- Heyvanların beynəlxalq baytarlıq (sağlamlıq) sertifikatının surəti
- Heyvanların mənşə sertifikatının surəti
Xatırladaq ki, heyvanların daşınma marşrutu üzrə tranzit icazələrinin alınmasına zərurət yarandıqda icazənin alınması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əvvəlcədən tranzit ölkəyə müraciət olunmalıdır. Tranzit icazə müqavilədə göstərilmiş sayda heyvanlara şamil olunur. Müxtəlif növ heyvanların idxalı üzrə baytarlıq tələblərini Qida Təhlükəsizliyi Agentliyinin www.afsa.gov.az veb səhifəsindən əldə etmək olar.