Qarabağ müharibəsi veteranı İsgəndər Bəhman oğlu Qasımov mətbuata “Beynəlxalq Sığorta Şirkəti” ASC ilə bağlı mətbuata müraciət ünvanlayıb.
Unikal.org xəbər verir ki, veteranın təqdim etdiyi sənədlərdən məlum olur ki, “Beynəlxalq Lizinq” QSC (keçmiş adı: “Join Lizinq Kompani” QSC) ilə Qasımov arasında imzalanmış 24.12.2013-cü il tarixli 580/64/2013 saylı Daxili Maliyyə Lizinqi müqaviləsinə əsasən iddiaçıya (lizinqalana) bir ədəd 10 S 941 dövlət qeydiyyat nişanlı, HMK 140 W3 markalı ekskavator-yükləyici verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı ödəniş cədvəlində qeyd edilən növbəliliklə hər ay mütəmadi olaraq lizinq haqqını (həmin ödənişə sığorta haqqı da daxildir) ödəməyə davam edir. 05.07.2-16-cı il tarixdə Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən avtodayanacaqda baş vermiş yanma nəticəsində lizin obyekti yanaraq sıradan çıxır və istimara yararsız hala düşür. Faktla əlaqədar “Yanğın haqqında akt” tərtib edilərək baş vermiş hadisənin təfərrüatları qeyd edilməklə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və iddiaçının imzası ilə təsdiq edilir. Lizinq obyektinin bərpasına çəkilməli xərcin dəyəri “Aqrointer” müəssisəsi tərəfindən 18.07.2016-cı il tarixdə verilmiş 140 W3-nun təmiri ilə bağlı təklifə əsasən 62103.07 manat təşkil edib. Həmin müəssisə tərəfindən təmiri nəzərdə tutulan ehtiyat hissələrinin ABŞ dollar ilə gətirilməsi səbəbiylə həmin təklifdəki qiymətlərin AZN-USD məzənnəsindəki cari fərqə görə dəyişdirilə biləcəyi qeyd edilir. Təmirlə bağlı təklifdə yanma nəticəsində ekskavatorun idarəetmə sütunu (sükan), komplekt, komplekt kabin (kabin bağlantı elementləri, qapı, şüşələr və sair daxil olmaqla), kabin elektrik təsisatı (kabellər), monitor və sair idarəetmə avadanlıqları, operator oturacağı sıradan çıxmış və təmirinə çəkiləsi xərc 52317.7 manat təşkil etmişdir. Əlavə olaraq 7 günlük usta təmiri xərcləri (hidromekdən), ustaların otel və yemək xərcləri, təyyarə bileti (2nəfərlik), gediş-dönüş cəmi 9786 manat təşkil etdiyi müəyyənləşdirilib.
Lizinq müqaviləsinin predmetini təşkil edən bir ədəd HMK 140 W3 markalı ekskavator “Beynəlxalq Sığorta Şirkəti” ASC tərəfindən MTRC SAQ 47865 nömrəli, 29.12.2013-cü il tarixli sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitələrinin sığortası sinfi üzrə sığortalanıb. 05 iyul 2016-cı il tarixli “Büynəlxalq Lizinq” QSC-nin Beynəlxaq Sığorta Şirkətinin İddialar departamentinin direktoru F.İsmayılova ünvanladığı 358 nömrəli məktubla lizinqalana verilmiş HMK 140 W3 markalı ekskavator yükləyicinin yanması səbəbiylə sığorta ödənişinin texnikanın təmirinə yönəldilməsi, 26 iyul 2016-cı il tarixli məktubla isə lizinq müqaviləsi üzrə Qasımov İsgəndər Bəhman oğlunun 22970 manat borcu olduğunu və sığorta ödənişindən həmin məbləğin lizinqverənin hesabına, yerdə qalan məbləğin iddiaçının, yəni lizinqalanın hesabına ödənilməsi bildirilib. Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri tərəfindən 07.09.2016-cı il tarixli, 324 saylı “Beynəlxalq Lizinq” QSC-yə ünvanlanmış məktubla sığorta ödənişi edilməsindən imtina edilib.
İsgəndər Qasımovun təqdim etdiyi sənədlərdən məlum olur ki, imtina məktubunda sığorta şəhadətnaməsinin “Sığorta təminatı” adlanan bölməsində ümumi sığorta haqqının cəmi 4.121 manat olduğu və ümumi sığorta haqqının, 6 hissəyə bölünərək müəyyən edilmiş tarixlərdə ödəniləcəyinin nəzərdə tutulduğu, ümumi sığorta haqqının ilk hissəsinin (686 manat) lizinqverən təfindən razılaşdırılan müddətdə, ikinci hissənin (686 manat) 18 gün gecikməklə ödənildiyi və sonra ödənişin dayandırıldığı qeyd edilib. Hadisənin baş verdiyi tarixdən sonra Ümumi sığorta haqqının qalan hissəsinin, yəni həm gecikdirilmiş 3,4 və 5-ci hissələri (2061 manat), həm də hələlik vaxtı çatmamış altıncı hissə (686 manat), ümumilikdə 2749 manat nağd qaydada ödənilib. Sığorta ödənişi barədə müraciətə cavab olaraq, Mülki Məcəllənin 935.1.9-cu maddəsinə istinad edilərək Ümumi sığorta haqqının 29.12.2014-cü il, 29.06.2015-ci il və 29.12.2015-ci il tarixlərində ödənilməsi 3, 4 və 5-ci hissələri barəsində müraciət edilən yanğın hadisəsi baş verənədək ödənilmədiyindən, həmin hadisə üzrə sığorta ödənişi edilməsindən imtina edilmişdir.
İddiaçı İsgəndər Bəhman oğlu Qasımov cavabdehlər “Beynəlxalq Lizinq” QSC və “Beynəlxalq Sığorta Şirkəti” ASC-yə qarşı cavabdehlər “Beynəlxalq Lizinq” QSC və “Beynəlxalq Sığorta Şirkəti” ASC-dən 62103,7 manat sığorta ödənişinin və hər gecikdirilmiş 148 gün üçün 0.1 faiz həcmində hesablanmış 9191 manat məbləğində dəbbə pulunun iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (yəni birinci instansiya məhkəməsi) müraciət edilib.
Birinci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “Beynəlxalq Sığorta Şirkəti” ASC-dən 75 min manat sığorta ödənişi, 44475 manat məbləğində dəbbə pulu və 30 manat ödənilmişdövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilib.
Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh “Beynəlxalq Sığorta Şirkəti” ASC Apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi hissəsinin də ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının (Apellyasiya instansiya məhkəməsi) 09.08.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilin izahat və çıxışlarını dinləyərək, işin hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edib ki, apelyasiya instansiya məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılsın.
Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı İsgəndər Bəhram oğlu Qasımov cavabdehlər “Beynəlxalq lizinq”QSC-yə və “Beynəlxalq Sığorta Şirkəti” ASC-yə qarşı iş üzrə qərarına əsasən cavabdeh “Beynəlxalq Sığorta Şirkəti” ASC –nin kassasiya şikayəti təmin edilməyib.
Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 09.08.2018-ci il tarixli 2 (103)-399/2018 saylı qətnaməsi dəyişiklik edilmədən qüvvədə saxlanılıb.
İsgəndər Qasımovun sözlərinə görə, sözügedən məsələnin bu həddə çatmasının əsas səbəbkarı “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin İdarə heyətinin sədr müavini Vasif Əhmədovdur:
“Vasif Əhmədovla dəfələrlə bu barədə söhbətimiz olub. Bildirmişəm ki, haqlı olduğum halda məni dağa-daşa salmayın. Birinci məhkəmə instansiyasından əvvəl də demişdim ki, mən haqlıyam. İndi bütün məhkəmələr mənim haqlı olduğum barədə qərar çıxardığı halda, bir ildən artıqdır ki, hüquqlarım Vasif Əhmədov tərəfindən pozulur. Bu adam əvvəlcə mənə dəymiş 120 min manat müqabilində 70 min təklif etdi, indi isə ümumiyyətlə məsuliyyətdən boyun qaçırır. Yadınızdadırsa “EuroHome” yananda əskəriyyət sahibkarları qınadı ki, niyə mallarını sığorta etdirməyiblər. Ona görə ki, hansı məbləğdə sığorta etdirməyindən asılı olmayaraq, axırda belə çətinliklə üzləşməli olursan.
Bütün aidiyyatı qurumların rəhbər şəxslərindən xahiş edirəm ki, bu özbaşınalığa son qoyulması üçün qanunun imkan verdiyi formada müdaxilə etsinlər”.