"2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6 faiz təşkil edib ki, bu da MDB məkanında ən aşağı hədlərdən biridir. Ondan əvvəlki ilin də aşağı inflyasiya səviyyəsini nəzərə alsaq, son 2 ildə qiymət artımı cəmi 2,1 faiz təşkil edib. Buna olduqca mürəkkəb şəraitdə nail olunub".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilən müşavirədə bildirib.
"Ötən il Azərbaycanda böyük məbləğdə sosial paketlər, kreditlərin restrukturizasiyası həyata keçirilib, üstəlik dünyada ərzaq qiymətləri 12 faiz artıb. Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatı ilə əlaqəlidir, bu cür şəraitdə pul kütləsi 24 faiz artırılıb, buna baxmayaraq aşağı inflyasiya əldə edilib.
Sorğular göstərir ki, Azərbaycan əhalisinin inflyasiya gözləntiləri, manatın məzənnəsinin dəyişməsi ilə bağlı gözləntiləri olduqca aşağıdır və bu da gələcəkdə inflyasiyanı idarə etmək üçün çox mühüm amillərdən biridir", - deyə Elman Rüstəmov qeyd edib.