2019-cu ilin büdcə proqnozu 3 milyard 702 milyon manat nəzərdə tutulmuşdu. Büdcənin icrası isə 4 milyard 408 milyon manat təşkil etmiş, dövlət büdcəsinə 706,6 milyon manat əlavə vəsait köçürülmüş və icraya 119,1 faiz əməl olunmuşdur.
Unikal.org xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bildirib.
Səfər Mehdiyev qeyd edib ki, 2019-cu il ərzində vergitutma bazası əvvəlki illərlə müqayisədə eyni səviyyədə qalıb. Belə ki, idxal mallarına 50 faiz həcmində vergi imtiyazı verilib, ümumiyyətlə, güzəştlər tətbiq olunur: "Azərbaycana idxal olunan mallara tətbiq edilən gömrük rüsumları üzrə azadolmanın həcmi 65 faiz, idxal olunan mallara tətbiq edilən əlavə dəyər vergisinin azadolmanın həcmi isə 35 faiz təşkil edib. Ümumilikdə bu kontekstdə gördüyümüz işlər nəticəsində kölgə iqtisadiyyatı ilə bağlı mübarizə və risklərin idarə edilməsi mərkəzi tərəfindən məlumatların əvvəlcədən sistemə ötürülməsi ilə şəffaflıq təmin olunmuş, xüsusilə də digər ölkələrdən, ixracatçı ölkələrdən məlumatların sistemə daxil olması ilə sahibkarların qiymət azaltma tendensiyası 2019-cu ildə azalmışdır. Bu sahədə aparılan ciddi nəzarət funksiyalarına baxmayaraq, yenə də 900 milyon dollara yaxın malların dəyərini aşağı salmağa cəhdlər edilmişdir, bunun qarşısı alınmış və 300 milyondan artıq əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir".
Dövlət Gömrük Komitəsinin sədri bildirib ki, ticarətçilərin, xarici ticarət iştirakçılarının ən böyük uğurlarından biri 2019-cu ildə “Yaşıl dəhliz”in tətbiqi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Fərmandır: "Bu Fərmanın icrasına fevralın 1-dən başlanılmışdır və 530-a yaxın xarici iqtisadi fəaliyyət iştirakçısına həm idxalda, həm ixracda bu status tanınmış və qısa müddətdə illik 8 milyard dollara yaxın ticarət dövriyyəsi həyata keçirilmişdir. Bu layihə özlüyündə dünyada ilk olmaqla yanaşı, ən modern layihələrdən biri kimi qəbul olunur. Eyni zamanda, iki istiqamətdə sahibkarlar bundan məmnunluğunu bildirir. Birinci istiqamət sahibkarların on milyonlarla əlavə vəsaitin gəlir olaraq kassalarında qalmasına yönəlmişdir. Bu layihənin tətbiqi ilə sahibkarlar logistika və anbar xərclərindən azad olunur. Eyni zamanda, ikinci məsələ şəffaflığın tam təmin olunmasıdır. Qanuni ticarətlə məşğul olan sahibkarlar gömrük orqanlarına gəlmədən və heç bir gömrük məmuru ilə təmasa girmədən bütün əməliyyatlarını elektron şəkildə idarə edir və rəsmiləşdirməni başa çatdırırlar".
Səfər Mehdiyevin sözlərinə görə, sahibkarlara 4 milyondan artıq elektron xidmət göstərilib və bunun sayına və həcminə görə komitənin xidmətləri ilk yerlərdə dayanır: "Qaçaqmalçılıqla mübarizə sahəsində aparılan işlər 2019-cu ildə də böyük nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Qaçaqmalçılıqla bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə genişləndirilmiş və 13 min 443 hüquqpozma faktı aşkar edilmişdir. Onlardan 866-sı cinayət xarakterli faktlar olmuşdur ki, bunun da əksəriyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar təşkil etmişdir. Xüsusilə də tərəfimizdən 2 tondan çox narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılmışdır. 2019-cu ildə qaçaqmalçılıq yolu ilə gətirilərkən tutulan malların ümumi dəyəri 300 milyon dollardan artıq olmuşdur".