“2019-cu ildə Azərbaycanda əsas kapitala investisiyaların ümumi daxili məhsuldakı (ÜDM) payı 23,2% təşkil edib. Bizim hədəfimiz, heç olmasa, 25%-ə çatmaq və ondan daha yuxarı səviyyədə qalmaqdır”.
Unikal.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə deyib.
“Bu prizmadan baxsaq, özəl sərmayələrin cəlb edilməsi üçün zəruri olan şərtlərin və şəraitlərin ölkə iqtisadiyyatı daxilində yaradılmasıdır. Bizim əsas vəzifəmiz dövlət investisiyalarının iqtisadi səmərəliliyinin artırılması, eyni zamanda, Sizin tapşırıqlarınıza uyğun olaraq, dövlət investisiyalarının resipiyentləri qarşısında səmərəlilik tələblərinin sərtləşdirilməsi və bu investisiyaların prioritet sektorların inkişafı ilə sıx uzlaşdırılmasıdır.
Tapşırığınıza uyğun olaraq, bu sahədə əldə edilmiş nailiyyətlərə əsaslanaraq xüsusilə kənd təsərrüfatında xam məhsulun mövcudluğunu və səviyyəsini nəzərə alaraq, biz 2020-ci ildə və növbəti illərdə Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlarla birgə əlavə zəncir dəyərinin təmin edilməsi, yəni, emal sənayesinin dəstəklənməsi, o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun bank sektoru və assosiasiyalarla birlikdə çalışaraq bunu qarşımızda prioritet vəzifə kimi görürük. Bu, eyni zamanda, bizim qeyri-neft ixracımızın coğrafiyasının, həmçinin nomenklaturasının genişləndirilməsinə və daha dayanıqlı olmasına imkanlar yaradacaq”, - nazir bildirib.
“İlkin təhlillər onu göstərir ki, emal sənayesinin və ümumilikdə sərmayələrin cəlb edilməsinin yeni bazarları barədə danışarkən Azərbaycanda yaradılan siyasi makroiqtisadi sabitlikdən yararlanaraq həm əhalisi, həm də turist axını artan ölkə bazarımıza, həmçinin də digər bazarlara çıxış imkanları yaratmalıyıq. Bu, istər xarici, istərsə də yerli özəl sərmayəçilər üçün böyük əhəmiyyət kəsb edir. Sizin icazənizlə biz gələcəkdə həmin yeni bazarlara uyğun olan ticarət sazişləri – istər sərbəst ticarət sazişləri, istərsə də xüsusi rejimli ticarət sazişləri ilə bağlı təklifləri hazırlayırıq”, - M.Cabbarov əlavə edib.