Azərbaycanda iş, təqaüd və sosial yardım düzəltmək adı ilə vətəndaşlara qarşı 60 min manatlıq dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq etdiyinə görə məhkum olunmuş Beyləqan rayonu, Əhmədli kənd sakini Rauf Süleymanov tutulub.
İstintaq zamanı R.Süleymanovun Beyləqan rayonu ilə yanaşı Bakı, Gəncə və Ağcabədi şəhər və rayonlarında yaşayan ayrı-ayrı vətəndaşları işə düzəltmək, xəstəliklərə görə təqaüd və sosial yardım düzəltmək, həmçinin Qarabağ əlillərinə veriləcək ev, avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə inandıraraq, onlara qarşı dələduzluq etdiyi, ümumilkdə 60 min manata yaxın məbləğində ziyan vurduğu müəyyən olunub.
R.Süleymanovun digər şəhər və rayonlarında analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Beyləqan Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından (02122) 5-20-15 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.