Bu ilin aprel ayında Azərbaycanda bütün sənədsiz evlərlə bağlı yekun qərar veriləcək.
Unikal.org xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov deyib. Komitə rəsmisi vurğulayıb ki, neft və infrastruktur ərazilərə düşən mənzillərə çıxarış verilməyəcək:
"Artıq bunla bağlı müvafiq komissiyalar iş aparır. Bu ilin aprel ayına kimi materiallar tam hazırlandıqdan sonra Prezident Administrasiyasına təqdim olunacaq və tikililərin rəsmiləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq. Sənədləşmə neft kontraktlarının əhatə etdiyi ərazilərinə və infrastruktur sahələrinin mühafizə zolaqlarına düşməyən tikililərə aiddir. Qalan digər evlərin sənədləşməsinə başlanılacaq".
Rüstəm Şahbazov onu da qeyd edib ki, Bakı şəhərində 163 000 sənədsiz daşınmaz əmlak üzrə araşdırmalar yekunlaşdırılıb: "Digər şəhər və rayonlarda 74 600 sənədsiz daşınmaz əmlak aidiyyatı yerli komissiyalar tərəfindən araşdırılıb. Ümumilikdə, Bakı şəhəri də daxil olmaqla respublika üzrə 57 rayon və şəhərdə işlər aparılıb".
Amid Əyyuboğlu