Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, mərasimdən öncə 20 Yanvar faciəsinin iştirakçılarının və 20 yanvar şəhidinin ailəsinin Qaradağ rayon rəhbərliyi ilə görüşü təşkil olundu. Görüşdə rayon icra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir 20 Yanvar faciəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən rayon rəhbərliyi Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirdi. Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalq kütlələrini daha da birləşdirərək, xalqımızın özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilmiş və tam siyasi-hüquqi qiymətini almışdır.
Rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı, onları narahat edən məsələlərə aydınlıq gətirildi.
Görüşün sonunda 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi və ərzaq yardımı göstərildi.
Görüşdən sonra Mərkəzin geniş zalında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş film nümayiş olundu və ədəbi-bədii kompozisiya göstərildi.