Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasında rəsmi səfərdədir.
Unikal.org xəbər verir ki, səfərdə məqsəd Berlində keçirilən 85-ci “Beynəlxalq Yaşıl Həftə” sərgisində, 12-ci “Kənd Təsərrüfatı Nazirlərinin Berlin Konfransı”nda və 12-ci “Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumu”nda iştirak etməkdir.
Nazir Inam Kərimov səfər çərçivəsində Almaniya Bundestaqının Ərzaq və Kənd Təsərrüfatı Komitəsinin sədri Alois Gerig ilə görüşüb. Görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı barədə danışılıb, aqrar sahənin qeyri-neft sektorunun inkişafında prioritet sahə hesab olunduğu bildirilib.
Nazir İnam Kərimov səfər şərçivəsində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Michael Harms ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Almaniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensialı barədə fikir mübadiləsi aparılıb.
Michael Harms Azərbaycanın kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə tanış olduğunu və məhsullarımızı bəyəndiyini deyib. Nazir İnam Kərimov səfər çərçivəsində Almaniyanın İqtisadi Keçid yaşayan Ölkələrin Kənd Təsərrüfatının İnkişafı üzrə Leybnitz İnstitutunun direktoru Tomas Qlauben ilə görüşüb. Görüşdə kənd təsərrüfatının inkişafında aqrar tədqiqatların roluna toxunulub.
Naziri İnam Kərimov, həmçinin Belarus Respublikasının Ərzaq və Kənd Təsərrüfatı naziri Anatoli Xotko ilə görüşüb.
İnam Kərimov və Anatoli Xotko qeyd ediblər ki, hazırda aqrar sahədə Azərbaycan-Belarus əməkdaşlığı çoxtərəfli inkişaf etsə də, əlaqələri daha da inkişaf etdirmək üçün böyük potensial mövcuddur.